Putin seçki prosesini sabotaj edə bilər – Ekspert

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi sistem iki qütbə bölünüb.
Sosdem.az xəbər verir ki, bunu Musavat.com-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, bunlardan bir qisim rusiyayönümlüdür:
“Bunların tezisi ondan ibarətdir ki, Ermənistan Rusiyanın strateji müttəfiqi olacaq. Azərbaycanla sülh prosesinə yenidən baxılacaq. TRIPP layihəsi ilə bağlı dəyişikliklər ediləcək. Bu da Qarabağla bağlı yenidən məsələləri gündəmə gətirir”.
Ekspertin sözlərinə görə Qərbyönümlü siyasi sistem isə sülhü təşviq edir:
“Yeni reallıqlara uyğun olaraq qonşularla sülh və rifah şəraitində yaşamağı təbliğ edir. Birinci qrup Rusiyaya bağlı oliqarx Karapetyanın partiyasi olan “Güclü Ermənistan” və Robert Köçəryanın “Respublika” partiyasıdır. Bunlar birbaşa təminatı Kremldən alır. Məhz Paşinyanla Putin görüşündə Karapetyanın azad olunması və onların siyasi proseslərdə aktiv olması üçün birbaşa təzyiq dilində danışdı. Putin Ermənistanda daxili siyasi proseslərə müdaxilə edir və çalışır ki, dəstəklədiyi qüvvələr qələbə əldə etsin”.

MCP rəsmisi qeyd edib ki, Putin Paşinyanı dəyişmək planına malikdir:
“Onunla işləmək istəmir. Düşünürəm ki, daha çox Karapetyana dəstək verir. Sorğularda Samvel Karapetyanın Köçəryandan daha üstün olduğu görünür. Köçəryanın hakimiyyətə gəlməyi mümkün deyil. Xalq onu qəbul etmir. Karapetyan ötən gün qeyd edib ki, Qarabağda etnik təmizləmə baş verib. Bu açıqlama göstərir ki, o, sülhü deyil, müharibəni seçir. Rusiyanın sifarişi ilə danışır. Xalqın da Karapetyanın Qarabağla bağlı mövqeyinə görə ona səs verə bilməsi mümkün deyil. Çünki Ermənistan xalqı sülhü dəstəkləyir. Paşinyanın mövqeyi daha güclüdür”.
Ekspert əlavə edib ki, Rusiya seçkini sabotaj etməyə çalışacaq.
“7 iyun region üçün həlledici olacaq. Rusiyanın ənənəvi siyasəti onun məğlubiyyətinə gətirəcək”, – politoloq deyib.