Xəbərlər

İranın savaşdan çıxmasını Çin və Rusiya istəmir… – Şərhçi

İran-ABŞ müharibəsi qlobal oyunun dizayn alətidir: Tam qələbə deyil, yeni geosiyasi düzən hədəflənir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, hərbi-siyasi ekspert Vüqar Dadaşov deyib.

Çin və Rusiyanın “İran Dirənişi”ndə Marağı

Ekspertin fikrincə, müharibə artıq klassik qələbə hədəflərindən çıxaraq, uzunmüddətli təzyiq və qlobal enerji balansına nəzarət alətinə çevrilib:

“Böyük güclər Tehranın müharibədən tez çıxmasında maraqlı deyillər. Çin hərbi yardım və kəşfiyyat məlumatları ilə İranın dirənişini dəstəkləyir, çünki Tehranın müqaviməti ABŞ-ın qlobal imicini zədələyir və Tayvan məsələsində Vaşinqtonun manevr imkanlarını zəiflədir. Rusiya üçün isə bu müharibə Ukrayna cəbhəsində nəfəs dərə bilmək və qlobal enerji bazarında qiymətlərin artması deməkdir. Hörmüz boğazındakı gərginlik Rusiyaya qarşı sanksiyaların götürülməsini belə gündəmə gətirə bilər”.

Hörmüz Boğazı: Qlobal Enerji və Logistika Savaşı

Politoloq Hörmüz boğazının hər iki tərəfdən bloklanmasını qlobal çəkişmənin simvolu kimi qiymətləndirib:

“İranın ardınca ABŞ-ın boğazı bloklamaq qərarı göstərir ki, problem təkcə Tehranla bağlı deyil. Bu, qlobal enerji və logistika balansının kimin tərəfindən idarə olunacağı savaşıdır. ABŞ-ın müttəfiqlərsiz, təkbaşına qərarları NATO daxilində çatları dərinləşdirir. Bu vəziyyət Avropa İttifaqını ciddi narahat edir; çünki Avropa həm enerji təhlükəsizliyi, həm də Rusiyanın Ukraynadakı mümkün qələbəsi baxımından müharibənin dayandırılmasında ən çox maraqlı olan tərəfdir”.

İdarə Olunan Gərginlik və “Tam Qələbə” Dilemması

MCP rəsmisinin qənaətinə görə, tam qələbə və ya tam sülh hələ ki əsas məqsəd deyil:

“Müharibə nəticə əldə etmək üçün deyil, yeni geosiyasi düzənin formalaşma vasitəsi kimi idarə olunur. ABŞ İranı ‘qalib’ vəziyyətində buraxa bilməz, çünki bu, Vaşinqtonun Yaxın Şərqdəki bütün partnyorlarının xarici siyasi kursunu dəyişə bilər. Digər tərəfdən, ABŞ bir silah və neft ixracatçısı kimi bu gərginliyin davam etməsində iqtisadi maraqlar da güdür. Amma Tramp administrasiyasının qəfil və birtərəfli qaydada müharibədən çıxmaq ehtimalı da hər zaman masadadır”.

Bir cavab yazın

Back to top button