Xəbərlər

Rəfail Becanov: “İçimizdəki şeytanlara daş ataq ki…”

Samvel Babayandan, Ruben Vardanyandan başlayan proses Araiklə bitəcək iş deyil.

Davamı olacağına əminik.

Sirat körpüsü hər kəs üçün var. O körpüdən keçəndə əmllərinə görə cavab verirsən.

İndi Laçın yolundan keçən hər kəs etdiyi əməllərinin cavabını alır. Bir azdan o yolların sayı artacaq və onda daha çox adam əməllərinin cavabını alacaq. Bütün keçmişi bağışlamışdıq. Dərs çıxarmadılar.

Son 30 ilin zülmü daha betər oldu. İndi də cəza almaq və cəza vermək zamanıdır. Cinayət varsa, cəza olması qaçılmazdır. Cəza olmayanda ədalət prinsipi pozulur, aşınma, deqredasiya baş verir və cinayətkar üçün törətdikləri əməllər vərdişə çevrilir. 200 illik cinayətləri cəzasız qaldığına görə onların da əməlləri vərdişə çevrilmişdi. Amma bu dəfə elə olmadı.

“Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik” – müqəddəs kitabımızda bəyan edilən ədalət tərəzisi bu gün Azərbaycanda təcəlla edir.

Xalqımıza qarşı törədilən vəhşiliklərin, Vətənimizə, torpağımıza edilən qəsdlərin, şəhidlərimizin qisasının alınması ilə öz milli ədalətimizi bərpa edirik. İlahi ədalət budur. 200 illik ədalətsizliyi Azərbaycan öz gücünə, hərbi-siyasi qüdrətinə, iqtisadi inkişafına, diplomatik manevrlərinə görə bərpa edir. Bu 200 ilin 30 ilinin canlı şahidləriyik. Bu günlərdə tariximizin həmin Qiyamət Gününün ədalət məhkəməsinin şahidi oluruq. Bəlkə də bu, illərlə çəkdiyimiz ağrı-acının mükafatıdır.

Böyük bir çoxluğun uşaqlığı, yeniyetməliyi, gəncliyi, orta yaş dövrü, qocalığı bu ağrı-acının içində keçdi, o yükü çiynində daşıdı. Minlərlə şəhid verdik. Yurdsuz-yuvasız, odsuz-ocaqsız, didərgin olduq. Ancaq ömrünün mənalı çağlarını itirən hər kəsin içində ölməyən bir ümid yaşayırdı, sönməyən bir çıraq yanırdı. O ümid də, çıraq da ilahi ədalətin təntənə çalacağı günün gələcəyi idi.

Bu gün həmin qiyamət günüdür və millətin ədalət tərəzisi qurulub.

İndi kimlər gəlmədi Bakıya? Ruben, Araik, Bako, Arkadi, David, Samvel, Vaqif – hamısı boy sırasındadır…

Bəs necə gəldilər? Çəkmələrini Xəzər dənizində yumaq üçün yox, səhər-səhər zindanın bir neçə dəqiqəlik açılan pəncərəsindən Xəzərdən əsən sərin mehi hiss etmək üçün gətirildilər…

Növbədə kimlər var? Serj, Robert, Vitali, Seyran, adını çəkmədiyimiz başqa cinayətkarlar…

Onları da ceyran kimi gətirəcəklər…Azərbaycan dövləti o qüdrətdədir!

Azərbaycan 30 ilə həll olmayan bu ağır yükdən 3 ilə qurtuldu. 2020-ci ilin sentyabrında başladılan proses elə 2023-cü ilin sentyabrında da başa çatdı. Ağrı-acı bitdi. Separatçıların girovluğunda olan son sığınacaqlar – Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd – hamısı azad olundu.

Düşmən tapdağına çevrilən şəhərlərimiz, kəndlərimiz hamısı azadlığına qovuşdu. Təkcə yurddaşlarımız öz dədə-baba yurdlarına deyil, həm də torpaq torpağa qovuşdu…

Bu qələbəni bizə bəxş edən, 200 illik həsrəti bitirən, 30 illik işğala son qoyan Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və Azərbacan Ordusunun rəşadəti oldu. Azərbaycan xalqı Ali Baş Komandanın və ordunun səfində durub, durur…

Yaşadıqlarımızın bəlkə də fərqində deyilik. Haradasa bir ağzıəyri nəsə danışır, tariximizin bu müqəddəs və şərəfli anlarına çamur atmağa çalışır və içimizdən kimlərsə də ona inanar. Olmaz!

İçimizdəki diri, canlı şeytanları qovmalıyıq… O gözəgörünən şeytanları…Onların işi çamur atmaqdır.

Onlar “Hanı Xankəndi?”, “Hanı Xocalı?” deyə-deyə çox bağırdılar. “Bizi aldadırlar” deyə-deyə ulaşdılar ki, xalqı aldatsınlar. Amma alınmadı. Xalq onlara inanmadı. Yenə də inanmır və inanmayacaq.

Necə ki, Kəbəyə gedib şeytana daş atmaq hər kəsin ən müqəddəs arzularından biridir, bu gün şərəfli günlərimizə çamur atmaq istəyən şeytanlara daş atmaq müqəddəs vəzifəmizdir. İçimizdəki şeytanlara daş ataq, onları qovaq, sıramızdan dışlayaq ki, bu müqəddəs tariximizə çamur ata bilməsinlər…

Rəfail Becanov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu