Azərbaycan regionda geri qalır… – Deputatdan iqtisadi xəbərdarlıq

“İqtisadi artım zəifləyir, sosial gərginlik artır: Azərbaycan kosmetik addımlarla kifayətlənə bilməz!”
Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev, ölkədəki mövcud iqtisadi və sosial vəziyyəti kəskin tənqid edərək, təcili və dərin struktur islahatlarına çağırıb.
Sosdem.az-a açıqlama verən R.Nurullayev bildirib ki, sahibkarlıq mühiti ağır böhran keçirir və kiçik-orta biznesin inkişafı üçün real stimul yoxdur.
İqtisadi Dinamika Tükənir: “Tunelin sonunda işıq görünmür”
Millət vəkili vurğulayıb ki, iqtisadi artım tempinin aybaay zəifləməsi narahatlıq doğuran əsas faktdır:
“Sahibkarlıq mühiti əvvəlki illərlə müqayisədə daha çox çətinliklərlə üz-üzədir. Kiçik və orta biznesin (KOB) inkişafı üçün real stimul və dəstək mexanizmləri yetərli səviyyədə hiss olunmur. Ən düşündürücü məqam odur ki, bu mənfi proseslər fonunda cəmiyyətə aydın və inandırıcı perspektiv təqdim olunmur. Açıq desək, tunelin sonunda hələ ki, işıq görünmür”.
Regionda Geriləmə Faktı: Gürcüstan və Ermənistan Bizdən Çevikdir
MCP lideri Azərbaycanın regional iqtisadi rəqabətdə geri qaldığını rəqəmlərlə müqayisə edib:
“Region ölkələri ilə müqayisə apardıqda vəziyyət daha aydın görünür. Bu gün həm Gürcüstan, həm də Ermənistan iqtisadi dinamika və inkişaf templərinə görə Azərbaycandan daha çevik, rəqabətədavamlı və nəticəyönümlü inkişaf modeli ortaya qoyur. Biz bu reallığı görməli və qəbul etməliyik”.

Dərin Struktur İslahatları Mütləqdir: Kosmetik Addımlar Bitdi!
Deputat mövcud hökumətin siyasətini dəyişməli olduğunu və real iqtisadi azadlıqlara ehtiyac duyulduğunu bildirib:
“Mövcud reallıq onu göstərir ki, artıq kosmetik addımlarla, yarımçıq tədbirlərlə kifayətlənmək mümkün deyil. Ölkənin dərin struktur islahatlarına, real iqtisadi azadlıqlara və sahibkarlığa səmimi, bürokratik maneələrdən azad dəstəyə ehtiyacı var. Əks halda, bu geriləmə tendensiyası davam edəcək və onun sosial təsirləri daha da ağırlaşacaq”.