Xəbərlər

İki nüvə gücü qarşı-qarşıya: Rusiya narahatdır – ŞƏRH

ABŞ-nin nüvə sınaqlarına başlamaq niyyəti beynəlxalq aləmdə ciddi rezonans doğurub.

Vaşinqtonun bu istiqamətdə atacağı addımlara cavab olaraq Rusiya da öz növbəsində oxşar sınaqlara başlayacağını bəyan edib.

Maraqlıdır görəsən, ABŞ-nin sınaqlara başlaması Rusiyanı niyə bu qədər narahat edir? 

“ABŞ-nin nüvə sınaqlarına başlaması, təbii ki, həm Rusiya, həm də Çinin artan ekspansiyasına qarşı öz hərbi və siyasi mövqeyini ortaya qoyması kimi qiymətləndirilə bilər”.

Sosdem.az xəbər verir ki, bunu məsələylə bağlı Turkustan.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, hazırda Çin iqtisadi, Rusiya isə hərbi və geosiyasi müstəvidə ABŞ ilə rəqabət aparır və ikiqütblü dünya düzənini formalaşdırmaq istiqamətində siyasət yürüdür:

“Həm Çin, həm də Rusiya son illərdə hərbi potensialını gücləndirib və nüvə sınaqları keçirməyə dair mesajlar verir. Bundan öncə də Rusiya Qərbi nüvə silahı ilə təhdid etmişdi. Bütün bu proseslər Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra daha da kəskin xarakter alıb. Əslində, Rusiya Ukraynaya qarşı müharibə aparmaqla, eyni zamanda Qərbə qarşı da mübarizə aparır”, – şərhçi bildirib.

Politolq əlavə edib ki, bu şəraitdə ABŞ-nin nüvə sınaqları keçirməsi təsadüfi deyil.

“Göründüyü kimi, dünya yeni bir siyasi nizama qədəm qoyur. Bu nizam diplomatiya və danışıqlar yolu ilə deyil, daha çox müharibələr və nüvə sınaqları vasitəsilə formalaşır. Tərəflər bu yolla öz təsir zonalarını və güc mərkəzlərini müəyyənləşdirməyə çalışır.

ABŞ-ın əsas məqsədi təkqütblü dünya nizamını qorumaq və bu sistemdə liderliyini saxlamaqdır. Rusiya və Çin isə bununla razılaşmır. Bu mənada, ABŞ-nin nüvə sınaqlarına başlaması həm Rusiya, həm də Çinə qarşı ciddi siyasi və hərbi mesaj kimi qiymətləndirilir”, – MCP rəsmisi deyib.

Bir cavab yazın

Back to top button