İranda hicabdan imtina dinə yox, rejimə etirazdır – Dinşünas

İranda mühafizəkarlar din pərdəsi altında əhalini basqıda saxlayaraq istismar edirlər.
Sosdem.az xəbər verir ki, bunu Sherg.az-a Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.
Dinşünas bildirib ki, din, məzhəb pərdəsi altında farsizmin Sasani ideologiyası aşılanır və bu vəchlə də xalqa qarşı təzyiqlərin artması müşahidə edilir:
“İstənilən qadağanı xarici düşmən obrazı ilə əsaslandırırlar. Din adı altında isə əslində dinlə əsla əlaqəsi olmayan qaydalar tətbiq edilir, bu da zorla, edamlarla, qorxu mühiti ilə müşahidə olunur. İnsanlar da bu qadağaların dində olmadığını bəyan edəndə onları xarici düşmənə işləməkdə, yaxud həmin süni düşmən obrazların dəyirmanına su tökməkdə ittiham edirlər. Cəmiyyətdə artan narazılığı ideoloji çərçivəyə salmaq üçün bu cür qondarma rəylər yaradırlar. Son zamanlar artıq xalqın rejimin zülmündən bezərək onların təqdim etdiyi qadağaları tərk etməsi rejimdə təşviş yaradıb”.

Ekspert qeyd edib ki, kütləvi şəkildə hicabdan imtina dindən, yaxud dinin əmrindən imtina deyil, bu, bir növ rejimin qadağalarına etiraz aksiyasıdır:
“Artıq xalq rejimdən o qədər ikrah edir ki, hətta dinin əmri belə olsa, məhz onların dediyi üçün həmin əmrə də itaətdən boyun qaçırırlar. Molla rejimi insanları dindən də ikrah etdirir. Dini sevdirmək əvəzinə dinə nifrət yaradır. Törətdiyi bütün mənfi hadisələri dinin adına yazmaqla özü-özünə problem yaradır. Bu yersiz qadağalar və ömür boyu xarici düşmən obrazına qarşı təşviş içində olmaq, həmişə müharibə gözləmək, sərt qaydalar və qadağalar əhalini tamamilə gərgin həddə çatdırıb. Hicabdan imtinanı xarici təsirlərlə əlaqələndirmək tamamilə əsassızdır. Dinin qaydaları və əmrləri könüllü olmalıdır. Əgər İran rejimi din, şəriət adı ilə əhalini nəyəsə məcbur edirsə, bu dinin yox, rejimin ideoloji maraqlarına xidmət edir”.