Rusiya-Azərbaycan gərginliy: ideoloji savaş – ŞƏRH

Rusiya ilə Azərbaycan arasında son dövrlərdə müşahidə olunan gərgin münasibətlər artıq güc kontekstindən çıxaraq milli-ideoloji müstəviyə keçməkdədir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
MCP rəsmisi bildirib ki, bu proses uzunmüddətli perspektivdə iki ölkə arasında münasibətlərin siyasi formasının dəyişməsi ilə nəticələnəcək:
“Rusiyanın Azərbaycana qarşı düşmən münasibəti tək-tək hadisələrlə bağlı deyil, ideoloji-siyasi prinsiplərdən qaynaqlanır. Rusiya dövlətinin mövqeyi artıq sistem xarakteri daşıyır”.
Politoloq xatırladıb ki, bir ay əvvəl Düşənbədə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra münasibətlərin normallaşacağı gözlənilirdi:
“Lakin həmin görüş əksinə, iki dövlət arasında yeni siyasi mərhələnin başlanğıcını qoydu. Putinin Azərbaycanın “rusdilli dövlət” kimi təqdim etməsi, münasibətlərin normallaşmasının mümkünsüzlüyünü açıq şəkildə göstərdi. Bu, təkcə konkret hadisələrlə deyil, Rusiyanın dövlət siyasətində oturuşmuş ideoloji xəttlə bağlıdır”.
Siyasi şərhçi vurğulayıb ki, Rusiya öz imperiya kimliyini rus dili, pravoslavlıq və “Slavyan dünyası” anlayışları üzərində qurur:
“Azərbaycan isə müasir türk kimliyini, milli dövlətçiliyi və sekulyar modernizmi ön plana çəkir. Bu iki ideoloji xətt artıq paralel yox, toqquşan trayektoriyaya çevrilib. Moskvanın mövqeyi siyasi taktika deyil, rus dövlətçiliyinin ideologiyasının davamıdır”.

MCP rəsmisi əlavə edib ki, Rusiya tarix boyu rus dilindən həm siyasi, həm də geosiyasi təsir aləti kimi istifadə edib və bu siyasət postsovet məkanında, o cümlədən Azərbaycanda davam etdirilir:
“Vladimir Putinin Azərbaycanın ‘rusdilli dövlət’ adlandırılması da bu siyasətin tərkib hissəsidir. 2020-ci ildə Rusiya Prezidentinin sözçüsünün ‘Azərbaycanda rus dilinə dövlət statusu verilməsi hüququ var’ deməsi isə artıq açıq siyasi mesaj idi. Bunun ardınca Qarabağa sülhməramlı qüvvələrin yerləşdirilməsi, Xankəndidə rus icmalarının təşkili və Rusiyanın təsir mexanizmlərinin genişləndirilməsi cəhdləri müşahidə olundu”.
Politoloqun sözlərinə görə, son günlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “NATO ölkələri rus dilini öyrənməlidir” çağırışı da Kremlin dil siyasətinin yalnız mədəni deyil, həm də strateji və psixoloji təzyiq vasitəsinə çevrildiyini göstərir.
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunan tədbirdə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər Rusiyanın bu siyasətinə verilən prinsipial cavabdır:
“Putin ‘rusdilli dövlət’ ifadəsi ilə siyasətini yeridərkən, İlham Əliyev ‘Azərbaycan dili – dövlətin dayağıdır’ prinsipini dövlət strategiyasına çevirir. Bu iki cümlə arasındakı fərq iki dövlətin gələcək münasibətlərinin istiqamətini müəyyən edir”.
Başqan müavini bildirib ki, Prezidentin çıxışı faktiki olaraq dövlət səviyyəsində formalaşan milli ideoloji mövqeyi əks etdirir:
“Bu, Azərbaycana yönəlik ‘rusdilli dövlət’ siyasətinə qarşı prinsipial dövlət mövqeyidir. Görünür ki, dil üzərindən həyata keçirilən təsir siyasətinə qarşı sistemli tədbirlər başlanılıb. Rusiya dil vasitəsindən istifadə edərək ictimai-siyasi mühitə və təhsil sisteminə təsir göstərməyə çalışır.”
Analitikin fikrincə, hazırda Rusiya-Azərbaycan münasibətləri yalnız protokol səviyyəsində və məcburi qonşuluq çərçivəsində davam edə bilər:
“Tərəflər arasında etimadın bərpası artıq real görünmür. Dil məsələsi isə təkcə iki ölkə arasında deyil, bütün postsovet məkanında, xüsusən də türk dövlətləri ilə münasibətlərdə ideoloji qarşıdurma səviyyəsinə keçib.”
Şərhçi həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin 5 illiyi münasibətilə keçiriləcək hərbi paradda Türkiyə və nüvə dövləti Pakistanın iştirakının planlaşdırılması da bu kontekstdə xüsusi siyasi məna daşıyır:
“Bu, Azərbaycana qarşı yönəlmiş ‘rusdilli təsir’ siyasətinə verilən strateji cavabdır. Əlavə olaraq, Prezident İlham Əliyevin NATO nümayəndə heyəti ilə görüşdə Azərbaycan Ordusunun NATO standartlarına keçdiyini bildirməsi də mühüm mesajdır.”
Sonda MCP başqan müavini vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri milli-ideoloji və dövlətçilik prinsiplərinə uyğun olaraq distansiyalı, soyuq və ciddi xarakter almaqdadır.
“Proseslər göstərir ki, iki dövlət arasında ideoloji, dil və siyasi sərhədlər artıq konkretləşir,” – Vüqar Dadaşov əlavə edib.