Xaricdən gətirilən qoyun əti HARAMDIR? – Dinşünas

Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edilib.
Statistikaya görə qoyun əti ancaq qeyri-müsəlman ölkələrindən idxal edilib. Bu da müəyyən narahatlıq yaradır. Çünki qeyri-İslam qaydasında kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Bizim.Media-ya bildirib ki, həmin ölkələrdə bu heyvanların islami qaydalara uyğun olmayan formada kəsildiyi deyilir:
“Dinimizə görə isə əti yeyilən heyvanlar qibləyə tərəf, Allahın adı ilə kəsilməlidir. Əks halda heyvan murdar, leş hesab olunur və ətinin yeyilməsi haram sayılır.
Tibbi yöndən də sübut olunub ki, Kəbədə güclü maqnit enerjisinin olması səbəbi ilə heyvanı kəsərkən qanda olan dəmir elementinin cazibəsi nəticəsində heyvandan qanın xaric olması sürətlənir, qan laxtaları ətdən maksimum təmizlənir.
Lakin elektrik cərəyanı ilə yaxud başqa süni yollarla heyvanı öldürərkən isə qan tam xaric olmur ki, bu da insan sağlamlığı üçün zərərlidir. İslama görə ətin pak və halal olması üçün təmiz adam tərəfindən, yönü qibləyə, Allahın adı ilə kəsilməlidir”.

Dünşünas onu da qeyd edib ki, xaricdən gətirilən, dini qaydalara əməl olunmadan kəsilən heyvanların ətinin yeyilməsi həm dini, həm də tibbi cəhətdən yanlışdır:
“Buna hansı din alimi, hansı mütəxəssis rəy, fətva verib, məlum deyil. Haramı halala qatmaq olmaz. Əgər qeyri-müsəlman ölkələri ilə ət məhsulları barədə mübadilə aparılarsa, mütləq orada həmin məhsulların dini qaydalara və milli-mənəvi adətlərimizə uyğun hazırlanmalıdır.
Ətin tərkibində ciddi mikrob və bakteriyaların mövcudluğu bəzi xəstəliklərə yol aça bilir.
Gigiyenik qaydalara hansı dərəcədə riayət olunmaqla kəsilib hazırlandığı məlum olmayan bu ətlərin istifadəsi dini və sağlamlıq cəhətindən şübhəlidir. Əsasən Hindistandan, Braziliyadan və Monqolustandan gətirilən ət məhsulları əgər sağlamlıq üçün zərərlidirsə, dinimizə uyğun kəsilməyibsə ondan istifadə doğru deyil.
Bəzi araşdırmalara və məlumatlara görə Monqolustanda heyvanlar nəinki dini qaydalara, heç ənənəvi metodlarla da kəsilmir. Heyvanın ürəyi çıxarılaraq qanının kənara axmasına imkan verilmir. Həm heyvan işgəncə ilə ölür həm də qan ətin tərkibində qalaraq zərərli xüsusiyyət alır.
Heyvanların halal yolla, tibbi və dini qaydalara uyğun şəkildə kəsimi vacibdir”.