Xəbərlər

Paşinyan “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib. Paşinyan çıxışında bildirib ki, partiyası ölkəni “müharibə və revanşizm təfəkküründən xilas etmiş yeganə siyasi qüvvədir” və seçkilərdə bu siyasətin davamı üçün mübarizə aparacaq.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirib ki, 2026-cı il parlament seçkilərində baş nazirliyə namizədlər arasında müharibə deyil, sülh vəd edən yeganə şəxs Nikol Paşinyandır: 

“Seçkilərdə iştirakla bağlı namizədliyini Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq ombudsman Arman Tatoyan, hazırda həbsdə olan milyarder Samvel Karapetyan, David Ambarsumyan da irəli sürüb. Siyahının genişlənəcəyi gözlənilir. Hələ ki namizədliyini irəli sürən şəxslər, Nikol Paşinyan istisna olmaqla, Azərbaycanla sülhün əleyhinə olan, revanşist mövqedə olan şəxslərdir. Faktiki olaraq indidən gün kimi aydındır ki, Ermənistanda seçkilər müharibə tərəfdarları ilə sülh tərəfdarı arasında mübarizə şəraitində keçəcək. Seçicilər sanki bülletendə “sülh” və “müharibə” yazısının qarşısında münasibətlərini qeyd etmiş kimi olacaqlar”, – ekspert deyib.

Politoloq qeyd edib ki, hazırkı mənzərəyə görə 2026-cı il parlament seçkiləri Paşinyanla revanşist qüvvələrin arasında amansız mübarizə ilə xarakterik olacaq.

Bir cavab yazın

Back to top button