Deputat “uşaq pulu”ndan danışdı – VACİBDİR

Uşaqpulu məsələsinin müzakirəsi təkcə maliyyə tərəfi ilə məhdudlaşmır, həm də demoqrafiya, sosial siyasət, ailə institutunun möhkəmlənməsi və gələcək insan kapitalının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili bildirib ki, hazırda Azərbaycanda yeni doğulan uşağa görə 600 manat birdəfəlik müavinət verilir.
“Bu, xüsusilə azgəlirli ailələr üçün müəyyən dəstəkdir, lakin son illərin inflyasiyası və artan bazar qiymətləri fonunda məbləğin real dəyərinin azalması ictimai narazılıqlara səbəb olur. Vətəndaşların bu məbləğin artırılması ilə bağlı təklifləri tam başadüşüləndir. Müzakirələrdə Ermənistanla müqayisələr tez-tez aparılır, lakin bu zaman tarix və valyuta məzənnəsi nəzərə alınmalıdır. Ermənistan uzun müddət 300 min dram civarında birdəfəlik ödəniş tətbiq edib ki, bu da manatla təxminən 1300-1400 manata bərabərdir. Son dönəmlərdə bu məbləğin artırılması ilə bağlı yeni təkliflər səslənir, lakin sabit şəkildə “Ermənistan 2300 verir, Azərbaycan 600 verir” yanaşması doğru deyil”, – MCP başqanı deyib.
Deputat qeyd edib ki, region ölkələrində fərqli modellər mövcuddur.
“Məsələn, Gürcüstanda birdəfəlik müavinətlər sosial vəziyyətdən asılı olaraq 1000–2000 lari arasında dəyişir (təxminən 600–1230 manat), Türkiyədə isə ailələrə yalnız pul deyil, həm də aylıq müavinətlər, vergi güzəştləri və sosial xidmətlərdən ibarət geniş dəstək paketi təqdim olunur. Rusiyada “ana kapitalı” modeli tətbiq edilir ki, bu vəsait ailələrin ipoteka, təhsil və uşaq baxımı kimi məqsədlərə yönəldilməsinə imkan yaradır. Beynəlxalq təcrübə göstərir ki, burada əsas sual “verilsin, ya verilməsin” deyil, “necə verilsin və hansı nəticə doğursun” olmalıdır”, – millət vəkili deyib.

Parlamentar vurğulayıb ki, uşaq pulu məsələsinə yalnız sosial yardım kimi deyil, həm də insan kapitalına qoyulan sərmayə kimi baxmaq lazımdır.
“Bəzən səslənir ki, kim uşaq dünyaya gətirirsə, özü baxmalıdır. Bu, 19-cu əsrin liberal yanaşmasıdır. Müasir sosial dövlətlər isə uşağın sağlam böyüməsini, təhsilini və təhlükəsizliyini prioritet sayır. Uşaqların sağlam böyüməsinə, qidalanmasına və təhsilinə yönələn dövlət dəstəyi qısamüddətli xərcləri artıra bilər, lakin uzunmüddətli dövrdə iqtisadi məhsuldarlığı və cəmiyyətin rifahını yüksəldir. Bu siyasət mərhələli şəkildə həyata keçirilə bilər: azgəlirli ailələr üçün daha yüksək dəstək, inflyasiyaya uyğun indeksləşmə və şəffaf mexanizmlər tətbiq oluna bilər. Bununla yanaşı, dövlət xidmət paketlərinin – uşaq bağçaları, pulsuz tibbi xidmət, doğuşdan sonrakı sosial və psixoloji reabilitasiya proqramlarının – gücləndirilməsi vacibdir”, – partiya lideri bildirib.
Razi Nurullayev sonda qeyd edib ki, uşaqpulu nə xərclənən vəsait, nə də populist addımdır; bu, dövlətin gələcək vətəndaşına qoyduğu sərmayədir və əsas məsələ isə siyasətin şəffaf, ədalətli, mərhələli və davamlı şəkildə aparılmasıdır.