Azərbaycan hər zaman Ukraynaya humanitar yardımlar edir – Ekspert

İtaliyanın paytaxtı Roma iyulun 10-11-də Ukraynanın Bərpası Konfransına ev sahibliyi edəcək. Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın Bakıya son səfərində Azərbaycan XİN rəhbəri deyib ki, Azərbaycan Ukraynanın Bərpası Konfransına önəm verir və bunun bərpa prosesi üçün əhəmiyyətli tədbir olduğunu düşünür.
Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Ukraynanın yenidən qurulması üçün İtaliyada dəstək konfransına əsasən beynəlxalq hüquqa hörmət edən dost və tərəfdaş ölkələr dəvət edilib:
“Bu konfrans bir daha Rusiyanın işğalı fonunda hansı dövlətin beynəlxalq hüquqa üstünlük verdiyini də nümayiş etdirir. Azərbaycan regional və beynəlxalq müstəvidə öz mövqeyi olan, beynəlxalq hüquqa daima hörmət edən dövlətdir. Ölkəmiz humanitar missiyaların yerinə yetirilməsi və bu müstəvidə keçirilən konfranslarda daima yer alıb. Qeyd edim ki, Azərbaycan hər zaman Ukraynaya humanitar yardımlar edir. Buçada yaşayış məskənlərinin yenidən inşası, məktəb və bağçaların təmiri, elektirik avadanlıqlari ilə təchiz etmə və digər humanitar missiyalarda fəal şəkildə iştirak edir. Ukrayna hər zaman digər ölkələrlə əməkdaşlıqda Azərbaycanın humanitar missiyalarını nümunə olaraq önə çəkir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatlar çərçivəsində həmişə ukraynalı həmkarı ilə görüşür, bundan sonra da humanitar yardımın göstəriləcəyini qeyd edir”.

Ekskpert qeyd edib ki, Ukrayna xalqı Azərbaycan xalqının bu yardımlarını qardaş yardımı kimi qəbul edir:
“Romada Ukraynanın yenidən qurulması üçün təşkil olunan konfransa Azərbaycanın dəvət edilməsi ölkəmizin artan siyasi nüfuzu və etimadının göstəricisidir. Ora yalnız Ukraynanın dostları və Qərbin önəm verdiyi ölkələr dəvət edilir. Azərbaycanın Ukraynaya humanitar yardımları və bərpa prosesinə töhfəsi Qərblə strateji tərəfdaşlığını inkişaf etdirəcək. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın şəhərlərini və kəndlərini yer üzündən silib, böyük humanitar böhran törədib. Amma heç bir beynəlxalq təşkilat və dövlət Ukraynanın bərpa edilməsi kimi Azərbaycan üçün belə bir konfrans təşkil etmədi. Buna baxmayaraq, Azərbaycan işğaldan və bu kimi dağıntılardan əziyyət çəkdiyi üçün bu gün qardaş Ukrayna xalqına humanitar yardımlar edir.
Romada keçirilən bu konfransa ABŞ başda olmaqla, Qərb ölkələri və tərəfdaş ölkələr qatılır. ABŞ və Avropa da görür ki, Azərbaycan bu prosesdə onların yanındadır. Rusiya ilə qonşu olmasına baxmayaraq, beynəlxalq hüquqa uyğun siyasət yürüdür. Qərb buna qiymət verməlidir. Bu gün dünyada təhlükəsizliyə təhdid riskləri böyükdür. Azərbaycan da bundan sığortalanmayıb. Ona görə də Azərbaycan daim Qərbin siyasi dəstəyini görməlidir. Ölkəmiz necə onların humanitar və siyasi platformasına dəstək verirsə, onlar da eyni addımı atmalıdır. Romada qurulan siyasi və humanitar konfrans yeni dünya siyasi nizamında kimin hansı cəbhədə olduğunu göstərir”.