Xəbərlər

NATO-nun döyüş qabiliyyətinə malik olmaması üzə çıxdı – ŞƏRH

Rusiya-Ukrayna müharibəsi fonunda Qərb bloku çox ciddi şəkildə deqradasiyaya uğradı və NATO-nun işlək bir mexanizminin zəif olduğu ortaya çıxdı.

Sosdem.az xəbər verir ki, bunu Bizimyol.info xəbər portalına açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullzadə deyib.

Politoloq bildirib ki, hələ Donald Tramp birinci prezidentliyi dövründə NATO ölkələrinin ümumi daxili məhsulun iki faizinin artırılmasını tələb edirdi:

“Amma Avropa ölkələri buna laqeyd yanaşdı. Göründüyü kimi, Rusiyanın Ukraynaya hücumu NATO-nu ciddi şəkildə səfərbərliyə sövq etmədi. Ramştayn platforması təsis olunduğu da yetərli olmadı. Bir növ NATO ölkələrinin silahlı qüvvələrinin dəgüclü şəkildə döyüş qabiliyyətinə malik olmaması üzə çıxdı.

Artıq yeni dünya nizamı formalaşır. Artıq Rusiya təhlükəsi və digər təhlükələrə qarşı NATO ölkələri ÜDM-nin 5 faiz artırılması və 2032-ci ilə qədər NATO -nun daha da güclü şəkildə inkişaf etdirilməsi istiqamətində planlar hazırlanır.

Haaqada keçirilən sammitdə bu məsələlər geniş şəkildə müzakirə olunacaq və konkret qərarlar qəbul ediləcək”

Ekspert qeyd edib ki, iyun ayında NATO ölkələri 5 faiz olmasa belə, 3-4 faiz ümumi daxili məhsuldan ayıracaqlar:

“Bu, NATO silahlı qüvvələrinin güclənməsi və alyans ölkələrinin müdafiəsi, xarici təhdidlər qarşısında birlikdə bir güc nümayiş etdirməsinə gətirib çıxaracaq. Hazırda NATO çox zəif vəziyyətdədir. NATO yalnız Türkiyə və ABŞ-dan ibarət güclü orduya malikdir, yəni zəiflik nümayiş etdirəcəklər.

Avropa ölkələri, xüsusilə Almaniya, Fransa, Polşa, Pribaltika ölkələri NATO-nun güclənməsinə məcburdurlar, öz daxili imkanlarından vəsait ayırırlar. Təbii ki, bu, əlavə sosial problemlərə də gətirib çıxara bilər. Çünki Avropa ölkələri uzun illər hərbi xərclərə vəsait ayırmayıb. Almaniya, Fransa və digər NATO ölkələri daha çox sosial problemlərin həllinə və iqtisadiyyata vəsaitlər ayırıb. Bu gün təhlükəsizlik çağırışları artdığına görə demək olar ki, bu ölkələrin təhlükəsizlik suverenliyi təhdid olunur. Ona görə də bu istiqamətdə addımlar atılacaq.

Bu ölkələrin müstəqilliklərini itirəcəyini düşünmürəm. Daha çox burada müdafiə və kollektiv təhlükəsizliyə əsas diqqət ayrılacaq. Bu da təbii ki, NATO ölkələrinin müdafiəsinə və suverenliyinin qorunmasına gətirib çıxaracaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu