Putin 4 ərazi inadından əl çəkməyəcək – ŞƏRH

Ötən həftə İstanbul danışıqlarından sonra ABŞ prezidenti Donald Tramp açıqlama verərək bildirdi ki, madam ki, Putin İstanbula gəlmədi, o zaman mən onunla telefon danışığı edəcəm, öncə Putinlə sonra da Zelenski ilə danışıqlar aparacam.
Ağ Evdən verilən məlumata görə 2 lider arasında telefon danışığı baş tutub. Putinlə Trampın ilk telefon danışığı Ukrayna-Rusiya münaqişəsi ilə bağlı heç bir şeyi dəyişməmişdi. Maraqlıdır görəsən, indi hər hansısa müsbət irəliləyişlər əldə oluna bilərmi?
Sosdem.az xəbər verir ki, Turkustan.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanlayıb bildirib ki, Kreml Trampın 30 günlük atəşkəs təklifi ilə razılaşmır:
“İstanbul danışıqlarında da buna nail olunmadı. Baxmayaraq ki, Putin mayın 15-də atəşkəs danışıqlarına hazır olduğunu dedi, amma bu sadəcə manipulyasiya idi. Rusiyanın istəyi odur ki, işğal etdiyi 5 ərazini Rusiya ərazisi kimi tanıtsın və Ukrayna ordusu bu ərazilərdən çıxsın. Bu danışıqlara kölgə salmaqdır, həmçinin ağır şərtlərdir. Əgər Putin İstanbula gəlsəydi, burada 4 tərəfli görüş olacaqdı və danışıqlarda müəyyən müsbət irəliləyişlər ola bilərdi. Yəni İstanbul danışıqları bir fürsət idi, lakin Rusiya bunu istəmədi. Bəli, Tramp Putinlə danışacaq, amma çox güman ki, Putin eyni mövqedən çıxış edəcək. Putin istəyir ki, Tramp da onunla razılaşsın.
Düşünürəm ki, bu telefon zəngi münaqişə ilə bağlı bizə hər hansısa bir töhfə verməyəcək. Artıq Avropa ölkələri də bilir ki, Putin real danışıqlarda maraqlıdır və öz şərtlərini qəbul etdirməyə çalışır”, – ekspert deyib.
