Xəbərlər

Sosial ədalət və insan amili prinsipindən çıxış edirik – MCP sədr müavini

Əhalinin rifahı, xalqın sosial vəziyyətinin maksimum dərəcədə yüksəlməsi üçün mümkün qanuni vasitələrdən istifadə edərək çalışmaq, təkliflər irəli sürmək Milli Cəbhə Partiyasının (MCP) əsas hədəflərindəndir. Sosial-demokratiya ideoji xəttini izləyən partiyamız ilk gündən sosial təkliflərlə çıxış etmiş, iqtisadi, sosial platformalar, layihələr irəli sürmüş və əhalinin sosial durumunun yüksəlməsi üçün müxtəlif vasitələrdən istifadə etməklə cəmiyyətin də dəstəyini qazanmışdır. Təqaüd yaşı ilə bağlı, uşaqpulu məsələsinə dair, işsizlik probleminin aradan qaldırılması naminə təkliflərimiz partiyanın qrup toplantılarında, tədbirlərdə, mediada partiya sədri, millət vəkili Razi Nurullayev tərəfindən parlament də daxil olmaqla bir çox yerlərdə dilə gətirilmişdir.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural Irfan deyib.

Sədr müavini, Milli Cəbhə Partiyası olaraq düşünürük ki, sosial – iqtisadi sahədə əsas inkişaf strategiyasının qurulması üçün islahatlar və tədbirlər paketi hazırlanmalı, dövrün tələblərinə uyğun təkmilləşdirilməli və tətbiq olunmalıdır – deyə bildirib:

“Bunun üçün ilk növbədə azad bazar iqtisadiyyatı modelinin inkişaf etdirilməsinə, ədalətli rəqabət mühitinin yaradılmasına, sığortalanmış bazar iqtisadiyyatı mexanizminin həyata keçirilməsinə nail olunmalıdır. Həmçinin bəzi sahələrdəki inhisarçılıq aradan qaldırılıb iş adamlarının səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılmalıdır. Çünki iş adamlarına yaradılan sərbəst şərait onların fəaliyyətinin genişlənməsi deməkdir ki, bu da yeni iş yerlərinin açılmasına aparan amildir. Ədalətli rəqabət mühiti isə məhsulların satışında qiymətlərin süni artımının müəyyən qədər qarşısını alır.

MCP olaraq sosial ədalət və insan amili prinsipindən çıxış edirik və Azərbaycan dövlətinin də bu sosial dövlət prinsiplərini dəstəkləyirik. Sosial vəziyətin nizamlanması digər sahələrin də inkişafına aparır. Sosial durumun yerində olmaması elm, təhsil, idman, səhiyyə kimi sahələrə də mənfi təsir göstərir və inkişafın qarşısını alır. Odur ki, sosial dövlət prinsipi əhalinin sosial müdafiəsi, sağlamlığı, təminatı baxımından mühümdür və bu prinsiplərin qorunması insan faktoruna diqqətin arıtırılmasıdır.

Kəndlərdə sahibkarlığın və özünəməşğulluğun, heyvandarlığın, ailə biznesinin inkişafı, əhalinin sosial cəhətdən daha həssas qrupu üçün layiqli iş yerlərinin yaradılması daha da təkmilləşdirilmiş və effektli formada olmalıdır. Bu kimi vasitələr ələbaxımlılığa yox, sərbəst gəlir vasitələrinin, qazancın əldə edilməsinə xidmət etməlidir. Biznesin, gəlir sahəsinin inkişafı üçün yaradılan şərait və əlavə dəstək çox önəmlidir. Kredit faizlərinin aşağı salınması üçün də işlər görülməlidir. Çünki əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün, kəndlərdə qeyd olunan sahələrin inkişafı üçün sərfəli kreditlər olmalıdır.

Biz başlanğıcdan uşaqlara, ahıllara, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, şəhidlərin ailə üzvlərinə və müharibə veteranlarına diqqət və qayğı göstərilməsini vacib hesab edirik. Xüsusən uşaq pulu verilməsi bizim üçün prioritetdir və bunu sosial ədalətin tərkib hissəsi hesab edirik.

Uşaqpulu məsələsi həll olunarsa demək olar ki, əhalinin sosial problemli təbəqəsinin önəmli hissəsinin rifahı normallaşar. Elm və təhsilə meyl artar, sənət-peşə məktəblərinə rəğbət və axın başlayar. Uşaqlarını təmin etmək üçün çabalayan valideyn övladının təhsili ilə deyil, məcbur olur ki, səhhəti və qidalanması üçün ömrünü sərf etsin. Ailədə sosial durum normal olmadıqda təhsil, idman, sənət, peşə ikinci dərəcəli olur və bəzən də tamamilə kənarda qalır”.

Tural İrfan qeyd edib ki, Milli Cəbhə Partiyası – MCP sosial-iqtisadi sahənin səmərəli inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mütəmadi olaraq iş aparır, təkliflər üzərində işləyir və yeri gəldikcə müxtəlif platformalarda mümkün vasitələrlə həyata keçirilməsinə çalışır:

“Bu kimi təklif və layihələri irəli sürməklə yanaşı Milli Cəbhə Partiyası sədr başda olmaqla əsasən əhalinin həssas təbəqəsi ilə müdəmadi olaraq əyani şəkildə ünsiyyət saxlayır, sosial problemləri artan, durumları ağırlaşan ailələrlə görüşlər, partiyanın hüquq şöbəsi tərəfindən bu şəxslərə təmənnasız hüquqi yardım göstərilməsini təmin edir. Əlilliklə, veteranlıqla, təhsillə, yaxud digər məsələlərlə bağlı müxtəlif təbəqədən olan şəxslər bəzən bürokratik problemlərlə qarşılaşır və bununla əlaqədar edilən müraciətlərin əksəriyyəti partiya rəhbərliyinin, sədrin müdaxiləsi ilə dərhal öz həllini tapır. Ələlxüsus şəhid ailələri, veteranlar hər zaman partiyamızın diqqət mərkəzindədir. Başda sədr olmaqla bu ailələrin və şəxslərin ziyarət olunması, qəbul edilməsi, problemlərinin həllinə çalışılması istiqamətində intensiv işlər aparılır. Partiyamızın bu sahədə sektoru da fəaliyyət göstərir. Sektor tərəfindən rayonlarımızdakı şəhidlərin ziyarəti, paytaxtdan kənarda yaşayan şəhid ailələri ilə ünsiyyət, diqqət və qayğı davam edir.

Ümumiyyətlə irəli sürdüyü təkliflər və ideoloji xəttindən qaynaqlanan sosial proqramlardan əlavə Milli Cəbhə Partiyası qeyd etdiklərini öz resursları və mümkün imkanları sayəsində əyani şəkildə həyata keçirirməyə çalışır. Sosail cəhətdən həssas insanlarla mənəvi əlaqələrin, ünsiyyətin, diqqətin də vacibliyini nəzərdən qaçırmır.

Bu və digər sahələrdə inkişaf, güclənmək, dövlətimizin möhkəmliyi, xalqımızın yüksək rifaha çatması uğrunda Milli Cəbhə Partiyası daha da fəaliyyətini genişləndirməkdədir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu