Xurafat: Dini və cəmiyyəti zəhərləyən ən böyük amil – Tural İrfan
Mövhumat həyatın, xurafat isə dinin zəhəridir. Xurafat geniş məfhumdur. Hətta Peyğəmbərin vaxtında belə xurafat böyük rol oynayırdı. Əslində elə bütlər özü də xurafat idi. Əvvəl inancsızlar arasında cəmiyyəti yararsız adətlərdən və yanlış inanc çirkabından təmizləyən Həzrət Muhəmməd (s) hətta sonralar inanclılar arasında da bu mübarizəni aparmalı oldu.
Oğlu İbrahim vəfat edəndə uşağı qəbrə qoyarkən Ay tutuldu. Müsəlmanlar dərhal buna don geyindirməyə çalışaraq Ayın tutulmasını Peyğəmbərin övladının ölümü ilə əlaqələndirməyə başladılar. Bu hadisə Allah elçisini o qədər narahat etdi ki, dəfni yarımçıq qoyub moizə etməyə başladı. Anlatdı ki, səma cisimləri, təbiət hadisələri insanların doğumu və ya ölümü ilə dəyişmir. Bu hadisənin İbrahimin ölümü ilə heç bir əlaqəsi yoxdur.
Bir dəfə səfərdən dönərkən müsəlmanlar Allaha bağıraraq dua edirdilər. Peyğəmbər dərhal onları saxlayıb buyurdu: “…Allah hər şeyi eşidir və görür. Hətta ürəklərdən keçəni belə bilir. Sakit və təmkinlə, ədəblə dua edin!”
İslam formalaşana qədər Peyğəmbər qəbir ziyarətini qadağan etmişdi. Çünki müsəlmanlar hələ cahiliyyə dövrünün adətlərindən tam xilas olmamışdılar. Gedib qəbir üstündə müyyən xurafatlara yol verə bilərdilər. İnanc sistemi tam formalaşandan sonra Peyğəmbər icazə verdi və ziyarətin yolunu da göstərdi.
Cahiliyyə dövründə ölən olanda əsasən qadınlar ağlaşma, mərsiyə məclisləri təşkil edər, vay-şivən salar, üzlərini cırardılar. Peyğəmbər bunları tamamilə qadağan etdi və ölən şəxsin onun arxasıyca ağlayanlar sakitləşənə qədər narahat olduğunu buyurdu.
Həzrət Əli (ə) xəvariclərlə Nəhrivan savaşına yola düşərkən bir münəccim onun qarşısına gələrək bu yürüşün uğursuz olacağını dedi. Bildirdi ki, Ay nəhs bürcdədir, əgər getsə uduzacaq. İmam o şəxsi danladı və belə şeylərdən uzaq olmasını tövsiyyə etdi. Getdi, qalib gəldi və xain düşməni darmadağın etdi.
Peyğəmbərimizin, Əshabının, Əhli Beyt əleyhissəlamın həyatından minlərlə belə nümunə gətirmək olar. Ancaq təəssüf ki, az keçmədən insanlar yenidən xurafatı dinə qatmağa meyl etdilər. Qola qara bağlayıb divara qənd yapışdırmağa, zəncirə kalağayı atmağa, ələm uçurtmağa, baş yarmağa başladılar. Hətta körpə uşaqların alnını ülgüclə çapmağa, torpaq yedirtməyə meyl etdilər. Ən dəhşətlisi və zərərli isə odur ki, bu şeyləri uydurma hədis və rəvayətlərlə dinin tərkib hissəsi kimi təqdim etməyə başladılar.
Ancaq unutmaq lazım deyil ki, ən ali meyar Quran və ağıldır. Necə ki, elmi məqaləni nağıldan, faktı şaiyədən ayırdığımız kimi xurafatı da dindən ayırmalıyıq.
Tural İrfan – MCP sədü müavini, ilahiyyatçı