“Dövlətin gecikməsini vətəndaş ödəməməlidir!” – Deputat

Son günlər sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi vətəndaşlar illər əvvəl tətbiq olunmuş inzibati cərimələrlə bağlı məhkəməyə çağırılır.
Söhbət COVID-19 pandemiyası dövründə tətbiq edilən qayda pozuntularına görə yazılmış cərimələrdən gedir.
Xatırladaq ki, həmin dövrdə maska taxmayan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə olunurdu.
Bəzi vətəndaşlara göndərilən bildirişlərdə qeyd olunur ki, cərimə ilə bağlı iş məhkəmə icraatındadır və 10 gün ərzində ödəniş həyata keçirilməzsə, əlavə icra xərcləri də borclunun üzərinə düşəcək.
Hazırda müzakirə doğuran əsas məqam isə illər əvvəl tərtib edilmiş bu cərimə protokollarının niyə məhz indi icraata yönləndirilməsidir.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev məsələ ilə bağlı Yeniavaz.com-a bildirib ki, qanunvericiliyə görə cərimələrin ödənilməsi üçün müəyyən müddət var və bu müddət səbəbsiz uzadıla bilməz:
“Əgər cərimə vaxtında rəsmiləşdirilməyibsə, icraya yönəldilməyibsə və ya vətəndaşa lazımi qaydada bildiriş təqdim olunmayıbsa, illər sonra həmin cərimənin “xatırlanması” hüquqi baxımdan mübahisəlidir. Dövlət qurumlarının texniki və ya təşkilati gecikmələrinin nəticəsini vətəndaşın üzərinə yükləmək düzgün deyil. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, insan nə vaxt, nəyə görə və hansı məsuliyyət daşıdığını vaxtında bilsin. Bu məsələdə aydınlıq təmin olunmalıdır”.

Razi Nurullayev qeyd edib ki, fövqəladə dövrdə qəbul edilən qərarlar sonradan vətəndaş üçün problem yaratmamalıdır:
“Aidiyyəti qurumlar açıqlama verməli, gecikmələrin səbəbləri izah olunmalı və vətəndaşların hüquqları qorunmalıdır. Əks halda, belə hallar cəmiyyətdə “qanun selektiv işləyir” təsəvvürünü gücləndirir. Pandemiya dövrü fövqəladə şərait idi, amma bu dövrdə qəbul edilən qərarlar belə hüquqi çərçivədən kənara çıxmamalı və illər sonra vətəndaş üçün sürpriz problemə çevrilməməlidir”.