ABŞ-nin Qafqazda dayaq nöqtəsi… – Şərh

ABŞ və Azərbaycan arasında prezidentlər səviyyəsində strateji dialoqun dərinləşdirilməsi, eləcə də ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar fonunda sənədin paraflanması münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu.
Sosdem.az xəbər verir ki, bunu Mili Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası üzərində təxminən bir il müddətində iş aparılıb:
“Xüsusilə ötən ilin fevral ayında ABŞ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər etmiş və sənədin hazırlanması prosesi məhz həmin dövrdən etibarən intensiv xarakter almışdı. Bu proses ABŞ-nin Cənubi Qafqaza siyasi baxışında da müəyyən dəyişikliklərə səbəb oldu və iki ölkə arasında dialoqun artıq strateji xətt üzrə davam etdirilməsi istiqamətində zəmin formalaşdırdı. ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər. Bu sənəd ABŞ-yə Cənubi Qafqazda siyasi mövqelərini möhkəmləndirmək imkanı verir”.

MCP rəsmisinin sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərinə, təhlükəsizlik və milli maraqlarına da cavab verir:
“Xəzər hövzəsində və regionda terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açılır. Yeni dünya nizamında Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi önəmin məntiqi nəticəsi olaraq, bu sənəd iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir. Azərbaycan ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır və bu, bir sıra regional problemlərin həllinə də töhfə verə bilər. Hesab etmək olar ki, ABŞ-nin regiona baxışında Azərbaycanla strateji əlaqələrin gücləndirilməsi həm regional, həm də beynəlxalq müstəvidə iki ölkənin daha sıx əməkdaşlıq etməsinə və ortaq mövqedən çıxış etməsinə şərait yaradacaq”.