Macarıstan seçkisi: Kremlin gizli qələbəsi… – Şərh

“Macarıstan nümunəsi Ermənistan üçün xəbərdarlıqdır: Rusiya ‘gizli fiqur’ strategiyasına keçir”
Bunu Sosdem.az-a deyən Milli Cəbhə Partiyasının başqan müavini, hərbi-siyasi ekspert Vüqar Dadaşov, Macarıstanda keçirilən son parlament seçkilərinin nəticələrini və bu prosesin Ermənistandakı iyun seçkilərinə mümkün təsirlərini Sosdem.az-a təhlil edib.
Pyotr Madyar: Avropanın qələbəsi, yoxsa Orbanın və Kremlin davamı?
Ekspert bildirib ki, Macarıstanda baş verənlər Qərb üçün “qələbə” kimi görünsə də, əslində Kremlin daha dərin və gizli bir kombinasiyasının nəticəsi ola bilər:
“Viktor Orbanın məğlubiyyəti və müxalif Pyotr Madyarın hakimiyyətə gəlməsi ilk baxışdan Ukrayna və Aİ-nin uğuru kimi təqdim edilsə də, reallıq fərqlidir. Pyotr Madyarın ilk çıxışları göstərdi ki, Macarıstanın Rusiya ilə bağlı strateji xətti dəyişməyəcək. Ukraynaya yardımlar, 90 milyard dollarlıq dəstək və ‘Drujba’ neft kəməri ilə bağlı məsələlərdə Madyar faktiki olaraq Orbanın siyasətini davam etdirir. Orbanın onu dərhal təbrik etməsi və hakimiyyət ötürülməsinin sürəti bu prosesin əvvəlcədən dizayn edildiyi şübhəsini yaradır. Burada Rusiya xüsusi xidmət orqanlarının ‘gizli siyasi fiqur’ vasitəsilə seçkiyə müdaxilə izləri görünür”.
Rusiya Seçkilərə Müdaxilənin Yeni Formasını Tapıb
Analitikin fikrincə, Kreml artıq namizədləri fiziki və açıq şəkildə dəstəkləmək yerinə, daha incə metodlara üstünlük verir:
“Gürcüstan nümunəsi, ABŞ-da Tramp amili və indi də Macarıstan göstərir ki, Rusiya xarici siyasətdə ‘seçki inqilabı’ imitasiyası yaradaraq, hakimiyyətə öz maraqlarını gizli şəkildə qoruyacaq şəxsləri gətirir. Bu, Avropa İttifaqı və NATO daxilində parçalanmanı daha da dərinləşdirir. Hazırda Avropanın NATO-dan kənar, müstəqil təhlükəsizlik axtarışına çıxması da məhz bu uğurlu manipulyasiyaların nəticəsidir”.

Ermənistan üçün “İyun Ultimatumu”
MCP rəsmisi Ermənistanda gözlənilən seçkilərin Rusiya üçün növbəti poliqon olacağını vurğulayıb:
“Nikol Paşinyanın son Moskva səfəri və Putinlə görüşdəki gərginlik göstərdi ki, Kreml artıq indiki hakimiyyətlə işləmək istəmir. Macarıstan ssenarisi Ermənistanda da tətbiq oluna bilər. Rusiya iyun seçkilərinə açıq müdaxilə etmək yerinə, xalqın rəğbətini qazana biləcək, lakin strateji məsələlərdə Kremlə bağlı qalacaq bir ‘üçüncü qüvvə’ üzərində dayanır. Paşinyanı qane etməyən hər bir addım Ermənistanda daxili sabitliyin ‘gizli əllər’ tərəfindən pozulması ehtimalını artırır”.