Xəbərlər

“Xurafatdan uzaq, xarici din xadimlərini təqlid etməyən müəllimlər dərs deməlidir” – İlahiyyat Kollecinin yaradılması nə vəd edir?

“Əvvəla, ali təhsilin bünövrəsi olmalıdır. Yaxud, ali təhsil alma imkanı olmayan bu kollecdə təhsil ala bilməlidir. Mən bu kollecin açılmasını faydalı hesab edirəm və inanıram ki, milli dövlətçilik məfkurəsində olan din xadimləri yetişdirmək üçün belə bir məktəbə zərurət vardı. Ancaq gərək təhsildə məzhəbçilikdən, xurafatdan uzaq, xarici din xadimlərini təqlid etməyən müəllimlər dərs desin orada. Yox, əgər xaricdəki din alimlərini özlərinə dini lider sayanlar orada tədris edəcəksə, bu sadəcə görüntü olacaq, mahiyyət olduğu kimi qalacaq”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural irfan deyib. O, vurğulayıb ki, kollecin fəaliyyəti tam nəzarətdə olmalı və tədrisə böyük diqqət ayrılmalıdır:

“İnanmıram ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ora xarici təsirlərə uyan adamları yaxın buraxsın. Çünki bəzi xarici qüvvələr şeytan cənnətə yol tapan kimi yol tapmağa, təsir göstərməyə cəhd edəcək. Ona görə kollec tam nəzarətdə olmalı və tədrisə böyük diqqət ayrılmalıdır. Dini kadrlar artıq tam yerli təhsil almış şəxslər olmalıdır. Ümid edirəm ki, gələcəkdə tələbə qəbulu sayı da artırılacaq. Qadınların da dini təhsil almasına həvəs yaratmaq lazımdır. Çünki qadın dini ayin icraçıları və qadın ilahiyyatçılara böyük ehtiyac var. Ölkədə üzdə olan, önə çıxan qadın ilahiyyatçılar olmadığına görə inanclı xanımlar bəzən boşluq hiss edirlər. Ümumiyyətlə, bu kimi kolleclərin ölkənin bir neçə bölgəsində də olması işin xeyirinə olardı. Əgər təhsil normal olarsa, ölkəyə lazımlı dini kadrlar da yetişəcək”.

Ekspertin sözlərinə görə, əvvəllər dini mədrəsələr çox idi, bunların müsbət və mənfi tərəfləri vardı:

“Ən pisi də o idi ki, müstəqil olanları az idi. Onlar xaricdən maliyyələşir, xarici din modellərini, məzhəbçiliyi inkişaf etdirirdi. Sonra bunların qarşısı alındı və müəyyən bir boşluq yarandı. Bu boşluq zamanı da oxumaq istəyənlər xaricə üz tutdular və daha da pis oldu. Xaricdə oxuduqları ölkənin din modelini əxz edib döndülər və radikal, xürafatçı, məhzəbçi yol tutdular ki, bu da ölkəmizin ənənəvi dini mühitinə xeyli ziyan vurdu. Hələ üstəlik Bakı İslam Universitetinin məzunlarının diplomlarını da tanımaqdan Təhsil Nazirliyi imtina etdi ki, guya universitetin fəaliyyətində hansısa nöqsanlar olub. 3750 məzunun ali təhsili məhv oldu. Yaganə olaraq bircə nəfərə dövlət nümunəli diplom verildi. Dünyada analoqu olmayan bir hadisədir. İndi minlərlə yerli təhsil almış, xarici təsirlərə uymamış, milli düşüncədə olan məzun kənarda qalıb. Onlara yalnız məscidlərdə din xadimi olmağa şərait yaradılıb. Onu da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi edir. Bu universitetin məzunlarını Elmlər Akademiyasından elmi mövzu götürüb elmi dərəcə almaqdan məhrum ediblər. Yəni, bunu ediblər ki, ölkədə ali din xadimi yetişməsin. Bunu gizli əllər etdilər. Çünki yerli təhsil alanların ali elmi dərəcə alması xaricə təqlidi minimuma endirəcəkdi. Xarici qara əllər bu qədər məzunu elmi fəaliyyətdən, ali elmi dərəcə almaqdan məhrum etdilər. Hesab edirəm ki, baş verənlərin fonunda sözügedən kollecin açılması böyük nailiyyətdir, çünki buna çoxdan ehtiyac vardı”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək və təhsil dövlət hesabına olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu