Vətəndaş necə ömürlük işsizliyə məhkum edilir? – Hüquqşünas
Əmək Məcəlləsinin 70, 72-ci madələrinin bəndlərinin müddətsiz tətbiqi əhalinin məşğulluğuna, sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, dövlət büdcəsinə vergi daxilinə mənfi təsir edir.
Bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqqşünas Vüqar Dadaşov deyib. O, bildirib ki, 70-ci maddənin “ç” bəndi vətəndaşdan işləmək hüququnu alır:
“MCP başqanı, deputat Razi Nurullayevin tapşırığı əsasında, İmişli rayonundan Orucov Elçin Tofiq oğlunu qəbul edib, problemini dinlədim. Vətəndaş E.Orucov 2021-ci ildə əmək fəaliyyəti göstərdiyi “Bazarstore”-dan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;” – göstərilməklə azad edilib.
Sonra Mediasiya xidmətində tərəflər arasında “Barışıq sazişi” imzalanıb və qarşı tərəf, Elçin Orucovun işdən azad edilməsini ƏM-nin 68-ci maddəsinin “a” bəndi ilə, yəni “işçinin öz ərizəsi əsasında” işdən azad ediləcəyi ilə əvəzləyəcəyini öhdəsinə götürsədə, sonradan “Bazarstore” öhdəliyini icra etməyib.
Sonra da Elçin Orucovun “Barışıq sazişinin” məcburi icra edilməsi üçün İmişli Rayon Məhkəməsinə verdiyi ərizəsi təmin edilməyib. İmişli Rayon Məhkəməsinin həmin Qətnamədən Elçin Orucovun verdiyi Apellyasiya şikayəti də təmin edilməyib. Elçin Orucovun Apellyasiya instansiyasının qərarından kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti buraxıb. Sözügedən İmişli Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minib. Vətəndaş Elçin Orucov hüquqi tələyə düşüb.
Əmək Məcəlləsinin 70-72-ci maddələrində göstərilən bəndlərin təsir müddəti olmadığından, vətəndaş konkret olaraq konstitusiyon hüququndan, yəni işləmək, əmək fəaliyyəti hüququndan “ömürlük həbs” kimi məhrum edilib.
Faktiki olaraq, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi vətəndaşdan işləmək hüququnu əlindən alır.
Məhkəmələr də ƏM-nin 70, 72-ci maddısinin bəndlərinin təsir müddətunin və konkretləşməsinin olmadığına görə vətəndaşın “işləmək hüququnu” bərpa edə bilmir.
Bəli, Əmək qanunvericiliyində belə boşluq və natamamlıq var. Hüququn imkan verdiyi qədər vətəndaşa kömək etməyə çalışacayıq”.