Trampın siyasəti Türkiyə və Azərbaycana təhlükədirmi? – ŞƏRH

Rusiyanın Ermənistanda aktivləşməsi, eləcə də
Suriyada devrilən Bəşər Əsəd rejiminin tərəfdarlarının və ələvilərin Latakiyada yeni Suriya hakimiyət qüvvələrinə qarşı üsyanı, ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasətin Rusiya üçün yaratdığı əlverişli imkanlardan irəli gəlir.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Digər tərəfdən, Suriyada Türkiyə yönümlü hakimiyətə qarşı Bəşər Əsəd tərəfdarlarının qalxması Türkiyənin Ukrayna məsələsində, eləcə də Avropanın təhlükəsizliyini təmin edə biləcək qüvvə kimi meydana daxil olmasıdır.
Suriyada İran proksi qüvvələrinin hərəkətə keçmək ehtimalı da var. Rusiyanın hərbi bazasının Latakiyada yerləşməsi, keçmiş Əsəd rejim tərəfdarları və ələvilərin məhz Latakiyadan dirçəlməsi və Rusiyadan kömək istəməsi prosesə Rusiyanın start verdiyini göstərir. Rusiyanın regionda mövqeyini bərpa etməsi ancaq Türkiyənin maraqlarının məhdudlaşdırılması hesabına mümkündür.
Türkiyənin İdlibə də əlavə qüvvə ilə daxil olması və tikilməkdə olan hərbi bazaları imkan verəcək ki, Türkiyə Suriyada maraqlarını tam təmin edə bilsin. Onu da qeyd edim ki, Bəşər Əsəd rejiminin devrilməsi artıq Suriyada tam sülh və əmin-amanlığın bərqarar olması demək deyil. Suriyada Türkiyə, İsrail və Rusiya əsas maraq güdən tərəflərdir. İranın da Suriyada istəkləri olsa da hələ ki, imkanları məhduddur”, – şərhçi bildirib.

Ekspert qeyd edib ki, Tramp administrasiyasına Əsədin devrilməsi üçün gərəkli olan əvvəlki Türkiyə-ABŞ sövdələşməsi artıq əhəmiyyətli deyil:
“Olsun ki, Tramp Suriyanı Türkiyənin tam maraq daxilə aid olduğunu qəbullanır, ancaq mümkün Tramp – Putin sövdələşməsi Rusiyaya da yaşıl işıq yandırıb.
Yaxın Şərqdə Türkiyədən sonra İsrail strateji hədəflərinə çatmaq imkanındadır. Tramp administrasiyası İsrailə bu imkanları çox genişləndirib, əlverişli şərait yaradıb.
Rusiya Cənubi Qafqazda da aktivləşməsi ilə Azərbaycan maraqlarına toxunmaqla yanaşı həm də, Türkiyənin Cənubi Qafqazda güclənməsinə qarşıdır. Sözsüz ki, Rusiyanın ümumən Cənubi Qafqazla bağlı oturuşmuş siyasəti dəyişən deyil. Ancaq, Tramp və Putin arasında ilk telefon danışığında Rusiyanın keçmiş SSRİ ərazisində nüfuzunun bərpası ilə bağlı razılıq əldə edildiyi barədə məlumatlar görünür ki, boş deyilmiş. Ancaq Türkiyə və Azərbaycan birliyi nəinki regionda, bütün dünyada söz sahibinə çevrilməkdədir.
Ermənistanda Rusiya səfiri Sergey Kopırkinin Paşinyan hakimiyyətinə qarşı müxalif liderlərlə ardıcıl görüşləri, sərt bəyanatları və hətta “Minsk qrupu” dirçəlməsinə yönələn açıqlamaları Rusiyanın təkcə Ermənistanda deyil, paralel olaraq Azərbaycanla bağlı planları ilə əlaqəlidir. Heç şübhəsiz, Ermənistanın Rusiyadan qaçmaq cəhdi Qərbin şirinləşdirici təklif və təhrikinə bağlı idi. ABŞ-ın geri çəkilməsi ilə Avropa İttifaqının Ermənistandakı fəaliyyəti də hind məsəli kimi, “ölü at üstündə hərəkətə bənzəyir”. Avropa ABŞ – sız özünün belə təhlükəsizliyini təmin edə bilmir, nəinki Ermənistana təhlükəsizlik zəmanəti versin”.
“Qaldı ki, Ermənistan Azərbaycan münasibətlərinə, dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanla Ermənistan arasında Ermənistana sovet dövründə verilən Azərbaycan torpaqlarını leqitimləşdirən sülh müqaviləsi mümkün deyil. Ermənistan zəif Avropa təhriki ilə revanş müharibəyə getməz, ancaq Paşinyan iqtidarı dövründə olmasa da, Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanla revanş müharibəsunə gedəcəyi mümkündür.
Ancaq, prosesi bir mənalı Rusiyanın xeyrinə getdiyini də demək olmaz. Əvvəla Böyük Britaniya və Avropa Ukraynaya hərbi yardımını gücləndirir və davam etdirmək niyyətindədir. Türkiyənin prosesdə aktivləşməsi və Böyük Britaniya ilə koordinasiyalı fəaliyyəti də şərtdir. Digər tərəfdən, Donald Tramp Ukraynadan nadir metal ehtiyatları ilə bağlı müqaviləni əldə etdikdən sonra da Tramp administrasiyası Ukraynaya yardımını bərpa edə bilər. Bu isə Tramp administrasiyasının yaratdığı mənzərənin tamamilə dəyişməsi deməkdir”, – politoloq bildirib.