Tramp Ukraynanı Rusiyaya təslim edəcək? – ŞƏRH

“Ər-Riyadda ABŞ-Rusiya danışıqlarının nəticələrinin Ukrayna prezidenti Zelenski tərəfindən qətiyyətlə rədd edilməsi Tramp üçün ikinci prezidentliyi müddətində ilk ən ağır zərbədir. Əslində Zelenski bu gedişi ilə Trampı küncə sıxdı, demək olar ki, çıxılmaz vəziyyətə saldı.
Trampın Zelenskini diktator, vitse-prezident Ceyms Devidin isə onu axmaq adlandırması Tramp və komandasının aciz durumunun üzə çıxarır. Onlar Zelenskinin legitimliyini sual altına alır, ona ölkəni tərk etməyi təklif edirlər”.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Tramp nəinki Ukraynanı Rusiyaya qurban verir, Ukraynanın bu vəziyyətindən isifadə edərək, Ukraynanın nadir təbii metal ehtiyatlarını ələ keçirəcək müqaviləni zorla imzalatmaq istəyir. Rusiya ilə sövdələşən Trampın Ukraynaya məxsus nadir təbii ehtiyatları ilə bağlı məcburetmə addımlarının siyasətlə, diplomatiya ilə heç bir əlaqəsi yoxdur, bu sırf “reyder” əməliyyatıdır.
Düzdür, Tramp Ukraynanın təbii sərvətləri ilə bağlı istəyinə müəyyən mənada nail ola bilər və ABŞ-ın şərtlərinə uyğun əgər bu müqavilə imzalanarsa Ukrayna ABŞ-nin faktiki müstəmləkəsinə çevrilər”, – ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Tramp Ukraynanı Rusiyaya verə bilməyəcək:
“Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti sözü gedən müqavilə ilə bağlı yazır ki, müqavilənin şərtləri Ukrayna üçün Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra qalib dövlətlərə ödəməli olduğu təzminatlardan daha çətin olardı. Ancaq, Tramp Zelenski əli ilə Ukraynanı Rusiya təslim edə bilməyəcək. Kiyevin 20 kilometrliyinə qədər gələn Rusiyaya təslim olmayan Ukrayna, Zelenski çox çətin indi Rusiyaya əyilsin.
Zelenskinin Ər-Riyadda ABŞ-Rusiya danışıqlarının nəticəsini qəti rədd etməsi ilə Trampın gələcək siyasi hakimiyyətini laxladır. Qısa müddətdə Tramp idarəçiliyinə qarşı az qala bütün ABŞ ştatlarında mitinqlərə başlanıldı. Trampın ABŞ prezidenti kimi müddətini başa vura biləcəyinə inanmıram. Heç şübhəsiz ki, prezident Trampa qarşı impiçment irəli sürəcək.
Onun siyasətini nəinki rəqib demokratlar, heç mənsub olduğu bəzi respublikaçılar da ABŞ üçün təhlükəli sayır. Trampın adekvat siyasi xəttinin olmaması onu həqiqətən təhlükəli və çətin siyasi fiqura çevirir. Məhz Trampın bu xarakteri onu Putin üçün çətin rəqib və siyasi xarakterik baxımdan isə həm də oxşar edib”.
“Prezident Zelenski və Ukrayna xalqı Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda müqavimətini davam etdirəcək və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Ukraynanın qəbul etməsi mümkün deyil, bu müharibə hələ çox davam edəcək, həm də ayrı-ayrı dövrlərdə”, – V.Dadaşov fikrini tamamlayıb.