Razi Nurullayev ünvanlı sosial yardımdan danışdı – “Ehtiyacı olanlar ala bilmir”
Hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır. Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğurdan da ehtiyacı olanlar bunu ala bilmir və mən onlarla dəfə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır.
Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili nazir Sahil Babayevə müraciət edərək problemdən çıxış yollarını müzakirə etmək istədyini bildirib:
“Məsələnin həll yolları var. Hər bir rayon, kənd və qəsəbədə icra hakimiyyəti və nümayəndəsi var. Onlar kimin ehtiyac içində olduğunu, gəlirlərini, evini, kənardan daxil olan vəsaiti, yəni bütün məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımsa dəyişiklik edək.
Digər tərəfdən, indi elə zamandır ki, yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları, tanıyanlar birinci sosial şəbəkələrə çıxıb hay-küy yradacaqlar.
Nazirliyin imkanları var ki. 2-3 günlük missiyalar göndərib qəfil yoxlamalar həyata keçirsin. Nazirlik də kiməsə sonunda inanmalıdır.
Nazirliyin tərkibində İctimai Şura var. Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar.
Bu cür yanaşma həm də imkan verəcək ki, ünvanlı sosial yardımın doğurdan da ehtiyacı olanlara verilməsi üçün hansı problemlər var və siz onları aidiyyatı dövlət qurumlarına təqdim edə bilərsiniz ki, məhz bu səbəblər işimizi vicdanla yerinə yetirməyimizə hüquqi və digər əngəlləri törədir”.
Deputat təklif edib ki, nazirlik özü hüquqi yardım göstərsin:
“Məqsəd kömək etmək deyilmi? Qanunlarımız o qədər, qaydalarımız o qədər, istisnalar, o qədər. Baş çıxarmaq sadə vətəndaşın imkanları xaricindədir. Yaxşı olar ki, Vəkillər kollegiyası ilə müqavilə bağlansın və onlar hər bir rayonda bu köməkliyi göstərsinlər. Hörmətli Samir müəllimdən, hökumətdən də xahiş etmişəm ki, pulsuz hüquqi yardımın gösətrilməsi ilə bağlı dövlət proqramı qəbul edilsin. Bu qarşımızda dayanan ən vacib məsələlərdən birincilər sırasındadır”.
MCP başqanı nazirə müraciət edərək, nazirlik əməkdaşlarının yoxlamalar zamanı vətəndaşlara qarşı həssas, diqqətli olmalarını istəyib:
“Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof və s. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır.
Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi. Mən fikirlərimi hörmətli Sahib müəllimlə, aidiyyatı komitə və əlaqədar şəxslərlə bölüşməyə hazıram”.