Quranda “mizan-tərəzi” anlayışı – İLAHİYYATÇI

Quranda Allahın Kitabla birgə Mizan da endirdiyi deyilir. Quranı və Mizanı o endirdi. Demək mizan ümumbəşəri nizam və adi cəmiyyətdəki nizam-intizamı, qaydaları, əxlaqi prinsipləri ehtiva edir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.
“Mizan, tərəzidir. Təbii ki, Qurandakı mizan armud çəkilən tərəzi deyil. Şərəf, namus, vicdan, əxlaq, mərhəmət, məhəbbət, ədalət, insaf tərəzisidir.
Allahın varlığının elmi dəlillərindən biri də əxlaqın fitri olmasıdır. Yəni, insanlarda, hətta heyvanlarda sonradan kəsb olunmayan, yaradılışdan doğan xüsusiyyətlər var ki, bu, onun şüurlu bir varlıq tərəfindən, proqram əsasında yaradıldığının əlamətlərindəndir.
Quranla Mizanın birgə əhəmiyyətini, vahid mexanizm olmasını çoxu unutdu. Mizansız Quranı götürüb ixtilafa düşdülər, yalqız və yalnız kitab isə nicat vermədi çoxuna.
Sanki tərəzinin çəki daşlarını götürüb özünü kənara qoydular. Əlbəttə bu zaman tərəzi işləməz.
Qurandakı mizan fiziki və mənəvidir. Həm kainatın, bəşəriyyətin xilqətindəki meyarların, ölçülərin Allah tərəfindən yaradılarkən tarazlaşdırıldığı mənasında həm də bəşərin yaşam tərzi, həyat prinsipləri, əxlaq normaları, inanc sistemi, sosial həyatının nizamlanması anlamında işlədilir.
“Rəhman” surəsi 7-8 – ci ayələrdə buyurulur:
“Allah göyü ucaltdı və Mizanı qoydu ki, ölçüdə həddi aşmayasınız. Tərəzidə insafla çəkin və çəkini əskiltməyin”, – ilahiyyatçı bildirib.

Dinşünas qeyd edib ki, göyün yaradılışı ilə tərəzinin qoyuluşu eyni ayədə işlənir və bağlılıq var.
“İnsan, xilqəti və fitrəti etibarı ilə göyə, kainata bağlıdır. Göylər necə nizamlı yaradılıbsa insan da elə nizamlı olmalıdır. Necə ki, bir planetin yeri dəyişsə, hərəkət dairəsi, trayektoriyası pozular, insan da mizanı pozsa yer üzündə eyni fəsad çıxar. Ona görə göyün yaradılışı ilə tərəzinin qoyulması eyni cümlədə işlənib. Göydə hər planet hansı əhəmiyyəti daşıyırsa yerdə hər insan da o rolu oynayır. Necə ki, bir göy cismi ilahi kontroldan çıxsa fəlakət olur, eyni zamanda bir insan da yer üzündə nizamdan çıxsa yerdə fəlakət olur.
İstənilən əməldə, işdə, davranışda əgər ədalət pozulursa həmin ailənin, cəmiyyətin, xalqın, bəşərin ümumi nizamı da pozulur. Çünki Mizan Quranın işlədilmə mexanizmidir. Mizansız təkcə Quran cərəyana qoşulmamış cihaz kimidir, yanacaqsız avtomobil kimidir”, – T.İrfan bildirib.