Xəbərlər

Avropa-Ukrayna ABŞ-Rusiyaya qarşı – ŞƏRH

“Tramp Ukraynaya hərbi yardımları dayandırmaqla Ukraynanı atəşkəsə məcbur etmək niyyətindədir. Putin müharibənin bitməsi üçün ABŞ-dən hərbi yardımları dayandırmağı dəfələrlə tələb edib“.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Sherg.az-a deyib.

 “Ağ Evdə Makron-Tramp görüşü nəticəsiz başa çatıb. Avropa dövlətləri birlik nümayiş etdirərsə, ABŞ müəyyən dərəcədə siyasətində korrektələr edəcək. Avropa formalaşan geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır. Rusiya-Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşdı. Bu, Avropa İttifaqının Ukraynaya siyasi dəstəyinin bariz nümunəsidir. ABŞ Prezidenti Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi Zelenskinin mövqeyini kifayət qədər gücləndirdi. ABŞ-dən hərbi yardımlar kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artacaq. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub. Almaniyada anti-Rusiya yönümlü Xristian-Demokratların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq. Seçkilərdə qələbə çalan partiya lideri Almaniyanın ABŞ-dən asılılığına son qoyacağını və Rusiyaya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Sabiq kansler Şolts münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu”, – politoloq əlavə edib.

Ekspertin sözlərinə görə Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp-Putin sövdələşməsinin qarşısını alacaq:

“Digər məqam odur ki, Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərində Türkiyə ilə koordinasiyalı çalışır. Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Rusiyanın xarici işlər naziri S.Lavrovun Ankaraya səfər etməsi məhz Ankaranın Ukrayna siyasətindən duyulan narahatlıqla bağlıdır. Avropa yeni siyasi iqtisadi və hərbi güc olaraq ortaya çıxacaq. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar var. Əgər Vaşinqton Zelenski ilə birbaşa təmasda olmazsa və dəstək verməzsə, Avropa kimi əsas strateji müttəfiqinin etimadını itirəcək” – şərhçi bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu