Qaz yox, odun baha… – Deputat sakinlərlə görüşdü

İmişlidə və kəndlərində oldum, camaatla görüşdüm, yas məclislərində oldum. Ümumilikdə, hər şey yaxşıdır və müsbət irəliləyişlər də var. Bununla bərabər həllini gözləyən problemlər də mövcuddur.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili bildirib ki, Qulubəyli kəndində qaz çəkilişi gecikib və ümid 2026-cı ilə qalıb:
“Məsələ burasındadır ki, odun da bahadır və hər kəsin almaq imkanı və qazancı yoxdur. Biz uşaqlıqda yulğun və şaxsöyüdü dediyimiz kolları qırıb yandırardıq. İndi yulğun düşüb qırmızı kitaba…”.
MCP başqanı iş yerlərinin çox kəsad olduğunu qeyd edib.
“Hər kəs maaşlı iş istəyir. Kənd və rayon yerlərində də maaşlı işlər barmaqla sayılan qədərdir. Kənd təsərrüfatı ilə məşğul olanlar da var, amma hamı yox.
Yenə də hər kəs daha çox torpağa, quşçuluq və bağlı heyvandarlığa meyllənməlidir. Hər kəs kiçik sahibkara çevrilmək üçün səy göstərməlidir. Bu yolda mümkün qapıları döyüb kömək göstərməyə hazıram. Sadəcə, əlinizdə biznes planınız və işləmək gücünüz olsun”, – deputat deyib.












