Xəbərlər

Paşinyan çalışacaq ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsın – Ekspert

Rusiya-Ermənistan münasibətlərində maraqlı geridönüş müşahidə edilməkdədir. Son günlərədək özünü Qərbə inteqrasiya edən, NATO-ya, Avropa İttifaqına üzvlüyə can atan ölkə kimi sırımağa çalışan Ermənistan Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətin fonunda cildini dəyişməkdədir.

Ötən ay ABŞ-la strateji tərəfdaşlıq xartiyasını imzalayan, Avropa İttifaqına üzvlüklə bağlı hüquqi prosedurları işə salan Ermənistanın Rusiyaya boylanmağa başlaması çox şey deyir.

Musavat.com-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və Rusiya arasında baş tutan danışıqlar və Ukrayna müharibəsində müəyyən razılaşmalar beynəlxalq siyasi nizamı köklü şəkildə dəyişir:

“Donald Trampın xarici yardımları dayandırması strateji müttəfiqlərlə əlaqələrdə siyasi böhran yaranması ilə müşayiət olunur. Ermənistan ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalayıb, həmçinin Avropa və ABŞ-la əməkdaşlıq imkanlarını genişləndirirdi. Amma proseslər dəyişib. Rusiya beynəlxalq izolyasiyadan çıxır. Bu da Ermənistanı çətin vəziyyətlə üzləşdirib. ABŞ Ermənistana əhəmiyyət vermir. Avropa öz problemləri ilə baş-başa qalıb. Nikol Paşinyan Rusiya ilə iqtisadi əlaqələri davam etdirmək və müəyyən reveranslar etməyə çalışır. Keçmiş prezident Levon Ter-Petrosyan Paşinyanı ona görə vəkil tutub ki, Moskva ilə məsələləri yoluna qoysun. Şərtləri budur ki, müxalifətə dəstək vermirsən. Mən də Rusiyanın moderator olduğu təşkilatlarda qalıram”.

Ekspertin fikrincə, hələ ki bu variant Rusiyanın maraqlarına uyğundur:

“Amma eks-prezident Robert Köçəryanın ortaya çıxması məhz Rusiyanın müəyyən qədər reabilitasiya olunmasından irəli gəlir. Bütün bunlara baxmayaraq, Köçəryanın qatarı gedib. Onun növbəti hakimiyyət sevdası arzu olaraq qalacaq. Məncə, Nikol Paşinyan indiki vəziyyətdə çalışacaq ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsın. Proseslər onun əleyhinə işləyir. Ona görə də ötən gün real Ermənistan konsepsiyasını təqdim edərək konstitusiyanın dəyişilməsinin vacibliyini vurğuladı. Azərbaycan və Türkiyə ilə normallaşma və sülhə məcbur olduğunu mesajını vermiş oldu. Düşünürəm ki, hər iki ölkə ilə münasibətlər normallaşsa, Rusiya Ermənistana ciddi təzyiqlər edə bilməyəcək. Yaxın perspektivdə Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı daha isti mesajlar verəcək. Müəyyən irəliləyişlərdə olacaq. Nikol Paşinyan Rusiyaya etibar etmir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu