Öcalanın “qarant ölkə” şərtiylə Türkiyə razılaşacaq? – Politoloq
Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanada olan əmisi, PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub. Görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb. Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib.
Yada salaq ki, Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu, PKK-nın buraxıldığını açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.
Məsələylə bağlı Musavat.com-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə kürd açılımı siyasətini yenidən həyata keçirmək istiqamətində strateji plan həyata keçirir:
“Bu planda PKK terror təşkilatının sədri Abdulla Öcalanın azad edilməsi və onun rəsmən PKK-nı buraxması barədə açıqlaması nəzərdə tutulur. Türkiyə regional gücdən beynəlxalq gücə çevrilir. Yeni dünya nizamı qurulur. Türkiyə çalışır ki, ölkəsinin PKK probleminə son qoysun. Son illərdə PKK-ya kifayət qədər zərbələr endirilib və terror təşkilatı xeyli zəiflədilib.
Ömər Öcalanın dilə gətirdiyi şərtlər əslində Abdulla Öcalanın şərtləridir. Öcalanın şərtləri sırasındakı qarant ölkə məsələsinə Türkiyə razılaşmaz. PKK məsələsində Türkiyə üçüncü ölkənin hər hansı formada iştirakına razı ola bilməz. Çünki üçüncü tərəf Türkiyənin daxili işinə qarışacaq. Bu isə Türkiyə üçün lazım deyil. Terror təşkilatının rəhbərinin bu təklifi absurddur və belə görünür ki, o, yenə öz ampluasında qalmaqdadır.
Hüquqi təminatı isə Türkiyə kimi ciddi dövlət ona verəcək. Qarant ölkə də Türkiyənin özü ola bilər. Türkiyə özü ona qarant verir və hətta sivil siyasətlə məşğul olmağa da şərait yaradır. Hansısa xarici ölkə niyə Türkiyənin daxili işinə qarışmalıdır ki?! Danışıqlar müsbət gedərsə, Abdulla Öcalan PKK-nın buraxılmasını elan edə bilər. Amma PKK-da aparıcı simalar sayılan bəzi şəxslər və PKK-ya logistika dəstəyi verən xarici kəşfiyyatlar silahı yerə qoymamaq üçün PKK-nı ayaqda saxlamağa çalışacaqlar.
Ümumi götürəndə, Abdulla Öcalanın PKK arasında kifayət qədər nüfuzu var, onun sözü eşidilir. Lakin ona qarşı çıxanlar da ola bilər. Türkiyə Öcalana türk-kürd xalqlarının vahid Türkiyədə daha yaxşı yaşamasına qatqı qatması üçün şərait yaradır. Əgər, Türkiyə dövlətinin bu addımına olumlu yanaşmasalar Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatları geniş miqyaslı şəkildə aparılacaq. Bundan sonra Türkiyədə yaşayan və PKK-da olmayan milyonlarla sivil kürd vətəndaşlar tam olaraq Türkiyə hökumətini dəstəkləyəcək”.