Məktəblilərin azalma səbəbi nədir? – Hüquqşunas: Niyə həqiqəti dilə gətirmirsiniz?
Rəsmi məlumata görə, Bu il 1-ci sinfə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Belə ki, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. 1-ci sinfə gedən uşaqların sayının azalması 2017-ci ildən bu yana kəskin dinamik xarakterli olduğundan bu məsələ ölkə ictimaiyyətində ciddi narahatlıq doğurub.
Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov “Sherg.az”a açıqlamasında deyib ki, bu məsələ bir başa milli təhlükəsizlik məsələsidir:
“Problem neçə illərdi ki, ziyalılar, mütəxəssislər tərəfindən gündəmə gətirilsə də, müxtəlif bəhanə və “statiskik” formal rəqəmlərlə problemin olmadığını sübut etməyə çalışıblar. Ancaq indi, artıq əhalinin təbii artım prosesində də nəzərəçarpan, təhlükəli geriləmənin inzibati dövlət orqanı Elm Təhsil Nazirliyi ortaya qoymaq məcburiyyətindədir və bu reallığı gizləmək mümkün də deyil. Qəribəsi isə odur ki, bir yalan ardınca sıralama əlaqəli yalanlar gətirdiyi kimi, hələ də bəzi dövlət orqanları, məktəbə gedən uşaqların sayının azalmasını əldəqayırma “mütəxəssis”, “ekspertlər” əli ilə gənclərimizin özünə karyera qurmaq istəyinə bağlamağa və bunu səbəb kimi sübut etməyə çalışır.
Ancaq hər şey göz qabağındadır. Gənclərimizin ailə qurmamağının səbəbi ağır sosial-iqtisadi vəziyətdir, ailədə bir, iki uşaqdan artıq uşaqların dünyaya gəlməməsinin səbəbi ağır sosial-iqtisadi vəziyətdir, gənc ailələrin və hətfa bir az yaşlı ailələrin dağılması, boşanma səbəbi ağır sosial-iqtisadi vəziyyətdir.
Müharibədə üç min şəhid verdik, bu üç min ailənin artımının dayanması deməkdir. On minlərlə yaralılarımız, qazilərimiz səhhəti və iş yerlərinin olmaması səbəbindən, maddi imkana görə ailə qura bilmir. Ölkənin bütün sənaye və iqtisadi gücü paytaxda yerləşdirilib. Regionlarda əhalinin məşğuliyyəti yoxdur. Camaat şəhərə qaçır çörək dalınca, kirayə qalır. Belə vəziyətdə kim evlənər, kim uşaq dünyaya gətirər?
Niyə əsl səbəbi dilə gətirmirsiz, deməli, əhalinin təbii artımının qarşısını alan, məktəblilərin sayının azalmasına səbəb olan gənclərimizin “karyera” istəyidir hə?!
Uşaq pulu verin, veteranlara qanunun tələbinə uyğun minimum əmək haqqı miqdarında müavinət verin, regionlarda əhalinin məşğulluğunu təmin edin və inanın ki, bir ildən sonra məktəbli, təbii artım problemi aradan qalxacaq. Əmin ola bilərsiz, əslində bunu hamıdan da yaxşı bilirsiz”.