Xəbərlər

İran Prezidentinin kim olacağından asılı olmayaraq Azərbaycan dostluqda maraqlıdır – MCP başqan müavini

Azərbaycan Respublikası İran da daxil olmaqla bütün qonşularla dostluq, mehribanlıq, əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı, siyasi şərhçi Tural İrfan deyib

O, bildirib ki, İran ilə tarixi, mədəni, iqtisadi əlaqələrimiz olub, indi də davam edir:

“Bir qədər siyasi müstəvidə anlaşmazlıqlar vardı, o da Prezidentlərin bu görüşündən sonra ümid edirik ki, yoluna düşəcək. İranın İsrail mövzusunda Azərbaycanı ittiham etməsi və Ermənistana silah və siyasi dəstək verməsi bir qədər bu iki ölkəni siyasi müstəvidə soyuqlaşdırmışdı. Ancaq əlaqələr danışıqlar və isti münasibətlərlə inkişaf yoluna düşür. Prezidentlərin bu görüşü, yeni layihələr və yeni inkişaf yolunda fikir mübadiləsi aparılması çox önəmli və hər iki dövlət üçün vacib amildir. Çünki Azərbaycan ilə İran sanki yeni mərhələyə, yeni dostluq, yeni əlaqələrə qədəm qoyur. Məlum bəndlərin açılışı, hər iki dövlət rəhbərinin burada görüşüb yüksək əhval-ruhiyyə ilə yeni layihələrin də gələcək üçün müjdəsinin verilməsi böyük işlərdən xəbər verir”.

Ekspert qeyd edib ki, İran Prezidenti bu faydalı, səmərəli görüşdən sonra vəzifə başına dönə bilmədi:

“Ümid edirik ki, danışıqların, layihələrin, görüləcək işlərin proqramı, mahiyyəti İran dövlətinin digər rəsmilərinə çatdırılacaq və mərhum Prezidentin vəfatı bu işlərin təxirə düşməsinə səbəb olmayacaq. İran dövləti üçün böyük əhəmiyyətli şəxs olan Prezident İbrahim Rəisinin bu görüşünün nəticələrini həyata keçirmək həm də onun xatirəsinə sayğı olar. Odur ki, İran dövlətinin bunu nəzərə alması lazımdır. İran Prezidentinin vəfatının Azərbaycan ilə əlaqələrin axsamasına səbəb olacağına inanmıram. Odur ki, yeni əlaqələrin, münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyini güman edirəm . Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı hərtərəfli mükəmməl dövlət siyasəti bizim bütün qonşu dövlətlər ilə münasibətlərimizi yüksək səviyyəyə qaldıracaq. İran Prezidentinin kim olacağından asılı olmayaraq Azərbaycan hər zaman səmimi dostluq münasibətlərinin inkişafında maraqlıdır. Ona görə İran – Azərbaycan əlaqələrinin indən belə də qorunub saxlanmasına inanırıq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu