Byazi-ni başa AFFA çəkib, xəcaləti isə biz çəkirik – Vüqar Dadaşov
Azərbaycan futbolunun acınacaqlı yox, biabırçı və utanverici vəziyyətinin bir başa səbəbkarı, günahkarı məhz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və onun yarıtmaz, başımıza bəlayə çevrilmiş prezidenti, bəli, möhtərəm PREZİDENTİ Rövnəq Abdullayevdir.
Düz 2008-ci ildən bu günə kimi, AFFA-nın əvəzeldilməsi mümkün sayılmayan, təsəvvür belə edilməyən Rövnəq müəllim, faktiki dövlət daxilində AFFA adlı dövlət yaradıb. Rəsmi məlumata görə AFFA-nın prezidentinin neçə-neçə vitse prezidenti, müavini, köməkçisi, köməkçisinin köməkçisi, köməkçisinin müavini və sair nələr, nələri var. Üstəlik AFFA-nın hələ 7 (yeddi) departamenti də var. Deyin görək bu, “dövlət” deyilmi. Bu dövlət boyda nəhəng strukturu, imkanları olan AFFA-nın işi Azərbaycan futbolu, idman olduğu halda, işinin öhdəsindən gəlməməyi cəhənnəm, miras qalanı belə dağıtmağı sözün əsl mənasında Azərbaycan xalqının qüruruna, hissiyatına toxunmaqdır.
O ki, qaldı Canni de Byaziyə, əslində günah onda yox, bizdədir. Axı onun kimi “uğurlu” məşqçiyə millimizi biz, daha doğrusu AFFA, yox, Rövnəq müəllim etibar edib. Rövnəq müəllim etibar edib, xəcaləti isə biz, Azərbaycan xalqı çəkir…
Əlavə söz demək də istəmirəm, bir neçə gün bundan əvvəl dediklərimi təkrarlamaq bəs edər.
“Vətənsizlər!!!
Sən məni məndən artıq sevə bilməzsən…
Milli komandaya milli məşqçi, AFFA-da rəhbərliyə pul xəstəliyinə yoluxmayan, “sövdələşməyən”, peşəkar, vətənpərvər şəxs gətirilməlidir!
İSTEFA MƏDƏNİYYƏTİ şəxsiyyətin məsuliyyətinə, ictimai və məişət düşüncəsinə söykənən hissdir.
O da yoxdur…
Arxasında nəhənglər durmuş Ermənistanı məhz azərbaycanlıların özü məğlub edərək, dünyaya hərb sənətinin ali nümunəsini göstərdi. Bizim gənclər hər yüksək nəticəyə qadirdir. Fərdi idman növlərində azərbaycanlıların göstərdiyi uğurları bir futboldada cəmləşdirmək mümkün deyilmi?! Əlbəttə ki, mümkündür.
Bir səbəb, imkan versinlər biz azərbaycanlılar oynayaq, öz azırbaycanlımızın tapşırığını yerinə yetirək. Biz bunu bacarırıq axı.
Əsgərlərimizdən nümunə, ən əsası isə vətənə, dövlətə, bayrağımıza sevgidir. O sevgi də bu vətənsizlərdə yoxdur. İmkan verin, əl çəkin bizdən, sən məni məndən artıq sevə bilməzsən…
Vüqar Dadaşov – MCP sədr müavini