Xəbərlər

Alimentə görə hansı halda cinayət məsuliyyəti yaranır? – HÜQUQŞÜNAS

Borcun (alimentin) ödənilməməsinə görə hansı hallarda cinayət məsuliyyəti yaranır? Boşanmaların artdığı bir zamanda insanları ən çox narahat edən məsələlərdən biri də budur.

Məsələylə bağlı Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının Hüquq Şöbəsinin müdiri, hüquqşünas Vüqar Dadaşov bildirib ki, borcun ödənilməməsinə görə cinayət məsuliyyəti dedikdə, mülki tələblərin icrasına dair məhkəmə qərarının icra edilməməsi nəzərdə tutulur:

“Məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsi üçün icra vərəqəsini ərazi üzrə İcra şöbələrinə göndərir. İcra şöbələri, icra məmuru məhkəmə qərarı üzrə göndərilən icra vərəqisini müzakirə və ya mübahisələndirən orqan deyil, onu icra edən orqandır.

İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcələsinin 528-ci maddəsinə əsasən inzibati məsuliyyətə (cərimə, inzibati həbs) səbəb olur. Yəni, cavabdeh-borclu məhkəmə qərarının icrasından məqsədyönlü yayınmalıdır.

Əlbəttə ki, icrası mümkün olmayan məhkəmə qərarları icra məmuru tərəfindən qəbul olunmuş müvafiq qərarla məhkəməyə geri qaytarılır.

Bu halda da cavabdehin-borclunun inzibati məsuliyyətindən söhbət gedə bilməz”.

Hüquqşünas vurğulayıb ki, cavabdeh-borclu məhkəmə qərarını məqsədyönlü icra etmədiyinə görə, barəsində tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin sanksiyalarından sonra cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə (cərimə, 5 ilədək azadlıqdan məhrum etmə) əsasdır.

Qanuna görə, cavabdeh-borclu borcuna, yaxud hər hansı bir öhdəliyi icra etmədiyinə görə yox, məhkəmə qərarını məqsədyönlü icra etmədiyinə və ya onun icrasına maneə yaratdığına görə cinayət məsuliyyətinə cəlb olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, cinayət məsuliyyətinə cəlb olunan subyektlərə cavabdeh-borclu, vəzifəli şəxslər, icra məmuru və s aiddir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu