Azərbaycanın beynəlxalq konfliktlərdə hərbi iştirakı mümkündür? – ŞƏRH

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycan təkcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, həm də regionun hərbi-siyasi reallıqlarını yenidən formalaşdırdı. Bu proses nəticəsində Azərbaycan regional təhlükəsizlik dayağına çevrilərək, yeni dünya düzənində proseslərə təsir imkanını əhəmiyyətli dərəcədə genişləndirdi.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Vüqar Dadaşov deyib.
Politoloqun sözlərinə görə, bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın ordusunun təkcə regional deyil, həm də beynəlxalq miqyasda sülh və sabitliyin təminatçısı kimi rolunu açıq şəkildə qəbul edir.
“Hazırda Azərbaycan beynəlxalq konfliktlərdə sülhməramlı qüvvə kimi qəbul edilə bilən nadir müsəlman dövləti statusundadır. Bunun əsas səbəbi ölkəmizin hərbi gücü ilə yanaşı, balanslı və neytral xarici siyasət yürütməsidir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasi xətti ilə həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini möhkəmləndirib,” – şərhçi qeyd edib.
Analitikin fikrincə, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyası bu istiqamətdə uğurlu təcrübə kimi qiymətləndirilir və ölkənin qlobal təhlükəsizlik arxitekturasına inteqrasiyasının başlanğıcı sayılır.
“Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində, eləcə də Türkiyə ilə birlikdə Somali və Cibuti sahillərində piratçılığa qarşı mübarizə təlimlərində logistika və texniki dəstəklə iştirak etməsi də bu istiqamətdə mühüm addım olub,” – ekspert deyib.
MCP rəsmisininə görə, son dövrlərdə Azərbaycanın Suriyada, Qəzzada və hətta Ukraynada mümkün sülhməramlı fəaliyyəti barədə beynəlxalq səviyyədə aparılan müzakirələr də təsadüfi deyil.
“Azərbaycan həm müsəlman dünyasında qəbul edilən, həm də İsrail, Türkiyə və Qərb strukturları ilə strateji tərəfdaşlıq qura bilən yeganə dövlətdir. Belə bir şəraitdə Azərbaycan Ordusunun sülhməramlı missiyalarda iştirakı yalnız hərbi yox, diplomatik balans baxımından da əhəmiyyət daşıyır. Rəsmi Bakı bu hallarda nə tərəf, nə vasitəçi, nə də müşahidəçi kimi çıxış edir – Azərbaycan sabitlik gücü funksiyasını yerinə yetirir,” – siyasi şərhçi bildirib.

Politoloq hesab edir ki, Azərbaycanın Ukrayna istiqamətində də sülhməramlı fəaliyyəti mümkündür:
“Azərbaycan həm Rusiya ilə strateji təhlükəsizlik əməkdaşlığını, həm də Ukraynaya humanitar dəstəyini davam etdirir. Bu iki istiqamətdə balanslı siyasət, beynəlxalq hüquq prinsiplərinə birmənalı yanaşma Azərbaycana gələcəkdə Ukrayna və Rusiya arasında sülhməramlı mandat qazanmaq imkanı yarada bilər,” – analitik deyib.
Ekspertin qənaətincə, Azərbaycanın qlobal konfliktlərdə sülhməramlı rolunun artması dövlətin beynəlxalq nüfuzunu gücləndirir, müttəfiqlik əlaqələrini dərinləşdirir və ölkənin regional gücdən qlobal güc mərkəzinə çevrilməsi prosesini sürətləndirir.
“Bu, milli maraqların təminatı üçün yeni diplomatik vasitələr yaradır. Azərbaycanın beynəlxalq konfliktlərdə sülhməramlı kimi iştirakı, milli maraqların qlobal təhlükəsizlik məsuliyyəti ilə sintezidir. Bu, təkcə hərbi və diplomatik deyil, həm də ideoloji və psixoloji üstünlükdür,” – Vüqar Dadaşov əlavə edib.