Xəbərlər

“Zelenskidən kapituliyasiya tələb olunur” – Ekspert

“ABŞ prezidenti Donald Tramp Ukraynanı danışıqlar masasına oturmağa çağırır. Amma bu, sadəcə sülh çağırışı deyil. Trampın istəyi Ukraynanın Donbası tamamilə Rusiyaya verərək kapituliyasiya aktına imza atmasıdır”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Politoloq ABŞ-nin yeni administrasiyasının Ukrayna siyasəti və bu prosesin Cənubi Qafqaza mümkün təsirləri barədə sensasiya doğuracaq məqamlara toxunub.

12 Trilyon Dollarlıq Gizli Sövdələşmə

Siyasi şərhçi qeyd edib ki, Trampın sülh təşəbbüslərinin arxasında böyük iqtisadi maraqlar dayanır:

“Donald Tramp bu yolla özünü ‘sülh adamı’ kimi qələmə vermək və Rusiyanın təklif etdiyi 12 trilyon dollarlıq birgə iqtisadi əməkdaşlıq paketini qəbul etmək niyyətindədir. Hazırda ABŞ prezidenti Zelenskini Rusiyanın şərtlərinə razı salmaq üçün ciddi təzyiqlər edir. Əslində Ukrayna bütün danışıqlarda iştirak edir, lakin Trampın tələbi sülh yox, faktiki olaraq Ukraynanın ərazi bütövlüyündən imtina etməsidir.”

Rusiya Qələbə Qazanarsa: Cənubi Qafqaza Hərbi Təzyiq Təhlükəsi

MCP rəsmisi vurğulayıb ki, Ukraynadakı hər hansı bir geri çəkilmə birbaşa Azərbaycanın və regionun təhlükəsizliyinə təsir edəcək:

“Fikir versək, Rusiya nə zaman Ukrayna cəbhəsində mövqeyini gücləndirirsə, dərhal qonşu ölkələrə qarşı təzyiqləri artırır. ABŞ-la Ukrayna məsələsində sövdələşən Rusiya artıq Azərbaycana qarşı müəyyən rıçaqları işə salmağa çalışır. Əgər Ukrayna bu müharibədə məğlub olarsa, Rusiya növbəti mərhələdə Cənubi Qafqaz və Mərkəzi Asiyaya qarşı hərbi təzyiqlərə başlayacaq.”

London və Brüssel Trampın Planına Mane Olur

Ekspertin fikrincə, Ağ Evin planlarının qarşısında duran əsas maneə Avropa müttəfiqləridir:

“Hazırda Donald Trampın Ukrayna ilə bağlı birtərəfli siyasətinə Böyük Britaniya və Avropa İttifaqı ciddi maneə yaradır. Nə qədər ki, London və Brüssel bu danışıqlar prosesindən kənarda saxlanılacaq və ya onlar bu sövdələşməyə etiraz edəcək, ABŞ və Rusiyanın Ukrayna üzərindən apardığı gizli bazarlıq tam baş tutmayacaq.”

Bir cavab yazın

Back to top button