Zelenski MAT etdi: “SEÇKİ” silahı sahiblərini vurdu!

Ukrayna prezidenti Volodimir Zelenski nə qədər təcrübəsiz təqdim edilsə də, bugünkü gün Putin–Tramp tandeminə qarşı həm mübariz Ali Baş Komandan, həm də peşəkar diplomat, siyasətçi və əsl lider kimi çıxış edərək onları qabaqlaya bilir. Əvvəla, Trampın təqdim etdiyi 28 bəndlik sülh layihəsi faktiki olaraq mahiyyətinə görə kapitulyasiya sənədi olsa da, Zelenski tərəfindən birbaşa rədd edilmədi.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Politoloq bildirib ki, Zelenskinin siyasi gedişi faktiki olaraq Trampı dalana dirəyib:
“Zelenski Trampın sülh planından imtina etmədən Londona səfər edərək Avropa liderlərinin iştirakı ilə hazırlanmış yeni sülh layihəsini təklif etməklə Trampı fakt qarşısında qoydu və bu gedişlə onun bütün ‘səylərini’ faktiki olaraq sıfırladı. Trampın təqdim etdiyi sülh layihəsi nəinki qəbul edilmədi, hətta müzakirə belə olunmadı. Təbii ki, Tramp fakt qarşısında məcburi şəkildə geri çəkilməyə məcbur edildi. Bu gedişi ilə Zelenski həm Trampı, həm də sülhə çox ehtiyacı olan, işğalını rəsmiləşdirmək istəyən Vladimir Putini üstələdi”.
Analitikin sözlərinə görə, digər vacib məqam Tramp və Putinin Zelenskiyə qarşı istifadə etdiyi “seçki” silahının onun tərəfindən zərərsizləşdirilməsidir:
“Tramp və Putin Zelenskinin legitimliyini sual altına alaraq Ukraynada yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər. Halbuki Ukrayna Konstitusiyasına görə müharibə şəraitində ölkədə heç bir seçki keçirilə bilməz.
Rusiyanın Ukraynaya hücumu ərəfəsində nəinki mübarizə aparmaq, hətta Zelenskiyə ölkəni tərk etmək təklif edilsə də, o, rus ordusunu Kiyevə hücumdan geri çəkilməyə məcbur etdi. Bir həftəyə Ukraynanı məğlub etməyi planlaşdıran Rusiya ordusunun artıq 4 ildir qarşısını alaraq müharibəni Rusiya ərazisinə belə keçirməyi bacarıb. Ukrayna Rusiya ordusu haqqında mifi məhv edərək Rusiya, xüsusilə də Putin üzərində psixoloji qələbə qazanıb”.

Şərhçi qeyd edib ki, bu halda Zelenskini nəyin bahasına olursa-olsun hakimiyyətdən uzaqlaşdırmaq Putin və Trampın əsas məqsədidir:
“Ancaq Zelenski yenə də Putini və Trampı tələb etdikləri elə həmin ‘seçki’nin özü ilə məğlub edə bildi. Zelenski Trampa və birbaşa Putinə ‘Əgər siz seçki keçirmək istəyirsinizsə, mən buna hazıram’ deyə cavab verdi. Lakin tamamilə əsaslı olaraq seçkinin keçirilməsi üçün Rusiya tərəfindən seçki dövrünü əhatə edən atəşkəsin təmin olunmasını, ABŞ-dan isə seçkinin keçirilməsi üçün atəşkəsə zəmanət verilməsini və sülhməramlı qüvvələrin cəbhə xəttinə müvəqqəti yerləşdirilməsi şərtini irəli sürdü. Gözlənildiyi kimi, nə Putin, nə də Tramp seçkinin keçirilməsi üçün zəruri olan bu əsaslı tələblərlə razılaşa bilməzdi”.
Politoloq vurğulayıb ki, Zelenski bu gedişi ilə həm Trampı, həm də Putini elə “seçki” silahı ilə vurub:
“Zelenski artıq elan edib ki, Rusiyaya bir qarış da olsun torpaq güzəşti edilməyəcək. Bu isə Putin və Trampın irəli sürdüyü, tələb etdiyi torpaq güzəştinin, yəni kapitulyasiyanın sonu deməkdir. Halbuki ABŞ və Rusiya rəsmiləri dəfələrlə Ukraynanın iştirakı olmadan torpaq güzəştlərini müzakirə edib razılaşmışdılar”.
MCP rəsmisinin fikrincə, Rusiyanın işğalçılıq niyyəti, ABŞ-nin Ukraynaya yardımla bağlı ağır şərtləri və Trampın münasibəti Ukraynanı digər ölkələrdən asılı olmadan hərbi sənayesini inkişaf etdirməyə məcbur edib:
“Ukrayna artıq Rusiya ordusunu durdurmağı və ona qalib gəlməyi öyrənib. Yəni bu gün Rusiyanın işğalçılıq planları paradoksal olaraq Rusiyanı məğlub edə biləcək Ukrayna ordusunu formalaşdırır və bu proses artıq ABŞ-ın yardımı olmasa belə reallaşmağa doğru gedir”.