Xəbərlər

“Zəngəzur dəhlizinə Rusiya və İranın etirazı əsassızdır” – ŞƏRH

“Zəngəzur dəhlizi məsələsində Rusiya etirazını əsasən öz nəzarətini təmin etmək məqsədi ilə ortaya qoyurdu. Bu, hər zaman potensial münaqişə və problemlərə yol aça bilərdi. İran isə bu dəhlizə köklü şəkildə qarşı çıxırdı; onun etirazı iqtisadi deyil, ideoloji xarakter daşıyır.

İranın məqsədi müsəlman ölkələrini bir-birindən ayırmaq, yaxınlaşmalarına imkan verməmək, araya sədlər qoymaq və məzhəbçilik vasitəsilə ixtilaf yaratmaqdır. Bu, İranın əsas dövlət prinsiplərinə daxildir”.

Sosdem.az xəbər veerir ki, bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan bildirib.

Eekspert qeyd edib ki, lakin Prezident Məsud Pezeşkiyanın islahatlara meylli olması və Türk dövlətləri, o cümlədən Türkiyə və Azərbaycan ilə isti münasibətləri bu mövqeyi yumşaldıb:

“Çoxsaylı açıqlamalarda qeyd olunub ki, Zəngəzur dəhlizi İrana heç bir təhlükə yaratmır, əksinə, iqtisadi və ticarət əlaqələrində yeni imkanlar açır.

Buna baxmayaraq, Rusiyanın İranı təhrik etməsi fonunda etirazlar davam edir. Zəngəzur dəhlizi region üçün vacib ticarət yoludur və bir çox ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmasına əsasən, dəhlizin açılması ilə bağlı artıq razılıq əldə olunub. Bu baxımdan, Rusiya və İranın etirazı əsassız və qərəzli sayılır.

Xüsusilə, Rusiya məlum təyyarə hadisəsindən sonra Azərbaycanda üzr istəməyib və münasibətlər soyuqlaşıb. Belə bir şəraitdə dəhlizə etiraz etmək, sanki təzyiq göstərmək və imperiyalist xasiyyətini nümayiş etdirmək anlamına gəlir. İranla bağlı da bir çox məsələlərdə Rusiya onu təhrik edir”.

Siyasi şərhçi vurğulayıb ki, beynəlxalq hüquqa görə Zəngəzur dəhlizinin açılması qanunidir və region üçün heç bir təhlükə yaratmır:

“Əksinə, bu yol inkişafı sürətləndirə və yeni əlaqələrə imkan yarada bilər. Eyni zamanda regionda Türkiyə faktoru da önəmlidir. Türkiyə artıq bölgədə güclü mövqeyə malikdir və müttəfiq olaraq Rusiya və İran qarşısında öz sözünü deməyə hazırdır.

Əsaslı təhdidlər olarsa, Vaşinqton razılaşmasının digər tərəfi olan ABŞ da məsələyə münasibət bildirməkdə gecikməyəcək.

Nəticədə, İran və Rusiya dəhliz məsələsinin artıq həll olunduğunu, qarşısını almağın mümkün olmadığını dərk edir. Onlar yalnız maraqlarını yenidən diktə etmək məqsədilə siyasi etirazlara əl atırlar”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu