Xəbərlər

Zəngəzur dəhlizi ciddi iqtisadi imkanlar yaradacaq – Deputat

“Vaşinqton razılaşmaları” ciddi nailiyyətdir. Xarici siyasət sahəsində Prezident İlham Əliyevin və komandasının apardığı uğurlu siyasət təbii ki, bu nəticələrin alınmasında mühüm rol oynayıb. Buna görə də Prezident və komandasının gördüyü işləri rəhbərlik etdiyim Milli Cəbhə Partiyası yüksək qiymətləndirir.

Sosdem.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, ABŞ-də əldə olunan nəticələr regionun geopolitik mənzərəsini dəyişəcək:

“Zəngəzur dəhlizi doğurdan da ciddi iqtisadi imkanlar yaratmaq gücündədir, o həm də Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin ediləcəkdir. Yekun sülh müqaviləsinin bağlanması regiona, o cümlədən ölkəmizə milyardlarla sərmayənin yatırılması, yüz minlərlə iş yerlərinin açılması deməkdir.

Deməliyik ki, Azərbaycan iqtidarı və Prezidenti xarici siyasət sahəsində zirvələri fəth edib. Azərbaycan üçün vətəndaşların yaddaşından silinməyən və tarix kitablarının səhifəsində dünya durduqca qalacaq nəticələr əldə edib. Prezident İlham Əliyevin iqtidarı dövründə xarici siyasət və ölkəmizin maraqlarının təmin olunması sahasində ölkəmiz heç zaman nail olmadığı uğurlar qazanıb. Iqtidarın onilliklər ərzində bütün resurslarının, məhz bu nəticələri almağa yönəldiyinin fərqindəyəm. Bizlər, xalq, hər kəs bunu qəbul edib. İndi isə, növbəti uğurları daxili siyasətimizdə qazanmalıyıq. Daxili siyasət sahəsində də biz ciddi uğurlara, barışa, əməkdaşlığa, milli maraqların qorunması naminə digər maraqlardan imtina cəsarətinə nail olmuşuq”.

MCP başqanı Milli Cəbhə Partiyasının bütün proseslərdə milli maraqlar naminə dövlətin yanında oluduğunu vurğulayıb:

“Bu gün iqtidarla siyasi partiyalar arasında ciddi dialoq yaranıb, əməkdaşlıq var və məhz bu cür dialoq mühiti, etibarlılıq və qarşılıqlı hörmət mühiti ölkəmizdə siyasi stabilliyin və milli maraqların qorunmasının kökündə dayanan əsas faktorlardan biridir. Elə bu dediklərimi də nəzərə alaraq Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Biz birlikdə dövlətimiz üçün gözəl işlər görürük.

İndi isə nəzərlərimizi ölkənin içinə yönəltməli, qalib xalqın ləyaqətli yaşayışını təmin etməliyik. Ölkəmizin içində inkişafa maneçilik edən qüvvələri və kəsləri kəsib atmalı, tam şəffaf, aşkar və hər bir məsələdə konstitusion hüquqlara söykənən cəmiyyət quruculuğunda səylərimizi daha da gücləndirməliyik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu