Yenidən satılan nömrələr bank hesablarını təhlükəyə atır… – Deputat

Mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra yenidən satışa və ya başqa abonentin istifadəsinə verilməsi ilə bağlı bir məsələni diqqətə çatdırmaq istəyirəm. Artıq telefon nömrəsi sadəcə danışıq və SMS vasitəsi deyil, bank, sosial şəbəkə və dövlət xidmətlərinə giriş açarıdır.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında istifadədən çıxan mobil nömrələrin təhlükəsizliyi və şəxsi məlumatların qorunması məsələsini qaldırarkən bildirib.
Nömrələrin satılması dələduzluq riski yaradır…
Millət vəkili köhnə nömrələrin dövriyyəyə buraxılmasının doğurduğu ciddi təhlükələrə diqqət çəkib:
“İndi təsəvvür edək ki, vətəndaş bir nömrədən müəyyən müddət istifadə edir, sonra müxtəlif səbəblərdən onu aktiv saxlamır. Nömrə ləğv olunur və yenidən başqa abonentə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər. Bu, artıq sadəcə narahatlıq məsələsi deyil. Burada şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riski var”.
Təhlükəsizlik mexanizmləri tətbiq olunmalıdır…
MCP başqanı problemin həlli üçün kompleks təhlükəsizlik standartlarının yaradılmasını təklif edib:
“Çıxışımla mobil operatorların fəaliyyətini məhdudlaşdırmaq təklifini irəli sürümürəm, amma rəqəmsal həyatımız dəyişib və qaydalar da bu reallığa uyğunlaşmalıdır. İstifadədən çıxan nömrələrin yenidən dövriyyəyə buraxılması üçün vahid təhlükəsizlik standartlarına ehtiyac var. Nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər. Eyni zamanda operatorların, bankların və sosial platformaların qarşılıqlı təhlükəsizlik mexanizmləri gücləndirilməlidir”.

Mobil nömrə insanın rəqəmsal kimliyidir…
Parlamentari vətəndaşların maarifləndirilməsini və rəqəmsal təhlükəsizlik qaydalarının təkmilləşdirilməsini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Ən əsası isə vətəndaş məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər və nömrədən imtina etməzdən əvvəl bank və sosial şəbəkə hesablarında əlaqə vasitəsini dəyişməlidir. Biz rəqəmsallaşmanı sürətləndiririksə, rəqəmsal təhlükəsizlik qaydalarını da eyni sürətlə inkişaf etdirməliyik. Telefon nömrəsi artıq insanın rəqəmsal kimliyinə giriş açarıdır. Bu səbəbdən onun yenidən dövriyyəyə buraxılması informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir”.