“Yaşıl enerji layihələri iqtisadiyyatımızın yeni nəfəsidir” – Deputat

“Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın artıq lokal oyunçu deyil, qlobal enerji memarı olduğunu bir daha sübut etdi. 16 ölkəyə qaz ixrac etmək və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynamaq milli qürur mənbəyidir”.
Bu barədə Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, millət vəkili Razi Nurullayev bildirib.
Dövlət başçısının çıxışını iqtisadi müstəqillik və xalqın rifahı baxımından yüksək qiymətləndirn millət vəkili vurğulayıb ki, qaz ixracının coğrafiyasının genişlənməsi dövlət büdcəsinin dayanıqlığı üçün əsas sütundur:
“Azərbaycanın boru kəmərləri ilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerə yüksəlməsi təsadüfi deyil. Bu, on illərlə hesablanmış dəqiq dövlətçilik strategiyasının nəticəsidir. Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatların Azərbaycan qazını alması o deməkdir ki, bizim siyasi və iqtisadi çəkimiz artıq ən yüksək səviyyədədir. Bu gəlirlər dövlətimizin müdafiə qabiliyyətinin artmasına və sosial layihələrin icrasına birbaşa təsir edir.”
MCP başqanı yaşıl enerji layihələrinin vətəndaşların gündəlik həyatına müsbət təsir edəcəyini qeyd edib:
“2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji əldə etmək hədəfi inqilabi addımdır. Biz daxili tələbatı yaşıl enerji ilə təmin etdikcə, hazırda elektrik enerjisi istehsalı üçün yandırdığımız qazı ixraca yönəldə biləcəyik. Bu həm valyuta axını deməkdir, həm də uzunmüddətli perspektivdə vətəndaşlarımız üçün daha dayanıqlı və ucuz enerji təminatına zəmin yaradır. İşğaldan azad edilmiş ərazilərdə qurulan hidroelektrik stansiyalar isə ‘Böyük Qayıdış’ın iqtisadi can damarıdır.”

Dövlət başçısının faydalı qazıntı yanacağı ilə bərpaolunan enerjinin vəhdəti barədə fikirlərinə toxunan Razi Nurullayev, bunu praqmatik yanaşma adlandırıb:
“Cənab Prezidentin qeyd etdiyi kimi, qazıntı yanacağını tam inkar etmək xəyallarla yaşamaqdır. Azərbaycanın həm neft-qaz resurslarından maksimum istifadə etməsi, həm də yaşıl enerjiyə milyardlarla sərmayə yatırması milli maraqlarımızın ən doğru kombinasiyasıdır. Bu siyasət Azərbaycanı həm ənənəvi, həm də gələcəyin enerjisinin mərkəzinə çevirir.”