Xəbərlər

“Yas məclisləri ehsan olmaqdan çıxıb, biznesə çevrilib” – Deputat

Artıq bir çox rayonlarda dəbdəbəli ehsan süfrələri yığışdırılıb, yas məclisləri sadə süfrə ilə verilir. Geniş ictimaiyyət bu qərarların verilməsindən razıdır.

Ancaq bu qaydalar rayonları əhatə etsə də, nədənsə paytaxt Bakıdan yan keçir. Bəs buna səbəb mərasim evləri sahibləridir, yoxsa ictimai rəy?

Sosdem.az xəbər verir ki, mövzu ilə bağlı Sitat.info-ya danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, bu məsələ ilə bağlı hüquqi tənzimləmə olmadığından ölkə üzrə birmənalı qərar qəbul etmək mümkün deyil: 

“Yas məclislərində yemək verilməsi bir çox regionlarda yığışdırılıb. Ancaq hələ də yığışdırılmayan bölgələr də var. Məsələn, Cənub bölgəsində hələ də yığışdırılmayıb, bəzi rayonlarda yarı kəndlərdə hələ də yemək verilir, yarısı imtina edib. Bakı şəhərində isə ümumiyyətlə yemək verilir, dəbdəbəli süfrələr açılır. Zaman-zaman bu barədə fikrimi bildirmişəm. Bu sahədə qanun qəbul olunmadığından insanlara birbaşa qadağa da qoymaq olmur.

Yas məclislərində yemək verilməməsi tövsiyyə xarakteri daşıyır və rayonlarda da əhalinin razılığı ilə qərar qəbul edilir. Əgər bununla bağlı qanun qəbul edilərsə, qanun çərçivəsində hər kəsə tətbiq edilə bilər. Bu zaman mərasim evində də yas sahibi sadə bir çay süfrəsi seçə bilər. Bu zaman da mərasim evləri həmin məclisdən imtina edə bilər. Çünki başqa müraciət edənlər də var, yemək süfrəsi sahibkar üçün daha sərfəlidir, nəinki çay süfrəsi. Sahibkar deyə bilər ki, daha çox yemək olan süfrə mənim üçün daha sərfəlidir. Artıq yas məclisləri ehsan olmaqdan çıxıb və biznesə çevrilib. İstər Bakıda, istər rayonlarda mərasim evləri var, çadırlar qurulur, kollektivlər hazırlanıb. Bu artıq bir biznes sahəsidir. Mən bunun bütünlüklə əleyhinə də deyiləm. Çünki yas sahibinin də işi asanlaşır, xərci çəksə də, bütün işlər – çadırın qurulması, süfrədə qulluq və sair kollektiv tərəfindən icra edilir. İstənilən halda ağır bir yükdür. Əgər qanunla tənzimlənərsə, ölkə üzrə birmənalı şəkildə tətbiq etmək olar. Ancaq hazırda tövsiyə xarakteri daşıyır və insanları məcbur etməyin də tərəfdarı deyiləm”.

MCP başqanı bildirib ki, televiziyada, mətbuatda ciddi şəkildə maarifləndirmə aparılmalıdır:

Dini Komitə, QMİ, hər rayonun axundu, kəndin din xadimi bu məsələdə öncü rol oynamalıdır. Dövlət səviyyəsində maarifləndirmə işi təşkil olunmalıdır. İzah etmək lazımdır ki, yasda yemək vermək hələ o insanın cənnətə düşməsi demək deyil. Bəzi insanlar ehsan süfrələrinin yığışdırılmasından narazıdırlar, hesab edirlər ki, onu kimsə atasına və ya anasına ehsan verməkdən məhrum edir. Çünki o insan inanır ki, bu ehsanla mərhumun ruhunu şad edir. Başqa işlərlə də ölən şəxsin ruhunu şad etmək olar. İnsanların yeməyinə çəkilən xərcə bir yol çəkmək, məktəb təmir etdirmək olar. 5-10 yetimi sevindirmək olar, bir körpü salmaq olar. Bu yol qaldıqca, körpü qaldıqca insanlar rəhmət oxuyacaqlar. Rəhmət qazanmağın belə yolları da var. Bütün bunlar qanunvericilik çərçivəsində həll olunarsa, daha yaxşı olar”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu