Xarici agentlərin fəaliyyəti nəzarətə götürülməlidir – Hüquqşünas
“Xaricdən maliyyələşən QHT və media strukturları Azərbaycan dövlətinin, xalqının milli maraqlarına birbaşa təhlükədir. Siyasi terminalogiyada xarici maraqlara xidmət edən təşkilatlar və hətta fərdi şəxslər “beşinci kolon” adlanır”.
Bu barədə siyasi şərhçi Vüqar Dadaşov danışıb.
Ekspert qeyd edib ki, dövlətlər öz milli maraqlarını qorumaq üçün bu tip fəaliyyət göstərən təşkilat, media və fərdi şəxsləri qeydiyyata və nəzarətə götürmək istiqamətində addımlar atır, qanunlar qəbul edir:
“Ancaq bəzi xarici dövlətlər media, fikir, din azadlığı adı altında “beşinci kolon”nun fəaliyyətini maskalamağa çalışır və demokratiya pərdəsi ilə əsl niyyətilərini gizlədir. Hətta bəzi böyük dövlətlər digərlərinin bu təhlükəyə qarşı müvafiq qanunlar qəbul etməsinə maneə yaradırlar”.
V.Dadaşov bu kontekstdə Gürcüstan nümunəsinə diqqət çəkərək qeyd edib ki, ABŞ özü hələ XX-ci əsrin əvvəllərində xarici agent haqqında qanun qəbul etdiyi halda, digər dövlətlərdə müvafiq qanunun qəbulunu iğtişaşlar, mitinqlər, aksiyalar təşkil etməklə əngəlləməyə çalışır:
“Rusiya, Ukrayna, Qırğızıstan, Gürcüstan mahiyyət etibarı ilə eyni olan xarici agent qanunu qəbul etməklə xarici maraqlara xidmət edən daxili qurum və təşkilatları nəzarətə götürüb.
Son dövrlərdə dünya praktikasında yeni növ “beşinci kolon” din və etiqad pərdəsi altında qurulur. İranın Azərbaycanda ifşa olunan din pərdəsi altında qurduğu şəbəkə məhz fars rejiminin maraqlarına xidmət edirdi”.
Ekspert hesab edir ki, birmənalı olaraq Azərbaycanda xarici dövlət və təşkilatların maraqlarına xidmət edən bütün qurumlar, şəxslər qeydiyyata alınmalı, onların fəaliyyəti nəzarətə götürülməlidir:
“Xarici agentlərin nəzarətə götürülməsinin demokratik anlayışlarla heç bir əlaqəsi yoxdur. Hər bir xalq, dövlət özünü xaricdən gələn təsirlərdən qorumalıdır. Əks halda, dövlətçilik və suverenlikdən söhbət gedə bilməz”.