Xəbərlər

Xaricdə, yoxsa Vətəndə təhsil? – “Beyin axını”nın qarşısını necə alaq?

“Təhsil sektorunda şəffaflığın artması, təhsilin keyfiyyətinin yüksəlməsi və universitetlərdə infrastrukturun inkişafı bu sahədə irəliləyişə səbəb olub. Artıq Azərbaycan universitetləri dünyanın müxtəlif beynəlxalq reytinqlərində özlərinə yer tapır. Bəzən 2, bəzən isə 10 universitetimiz bu siyahılarda qeyd olunur. Bu, ölkədə ali təhsilin səviyyəsinin artmasını, universitetlərdə keyfiyyətin və standartların yaxşılaşdığını sübut edir”.

Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

O bildirib ki, xaricdə təhsilə marağın yüksək olması isə yalnız Azərbaycana xas deyil, əksinə, bu, qlobal bir tendensiyadır:

“Xarici təhsil almaq bir çoxları üçün prestijli hesab olunur. İnsanlar xarici diploma sahib olmaq, fərqli təcrübələr qazanmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və dünyanı görmək istəyirlər. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda da yüksək keyfiyyətli təhsil almaq mümkündür. Ölkə daxilindəki universitetlərdə təhsil almaq istəyən tələbələr, əgər öz üzərlərində işləyər və biliklərini artırarlarsa, uğur əldə edə bilərlər”.

Partiya başqanı əlavə edib ki, dünyanın bir çox aparıcı universitetləri təqaüd proqramları təqdim edir:

“ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə tam təqaüd proqramları savadlı tələbələr üçün böyük imkanlar yaradır. Hər kəs bu proqramlara müraciət edərək prosedurları uğurla keçdiyi təqdirdə, bütün təhsil xərclərini qarşılayaraq ali təhsil ala bilər. Lakin dövlət tərəfindən tələbələrin xaricdə təhsil alması üçün maliyyələşdirilməsi də mühüm bir addımdır. Bu, xüsusilə ölkənin ehtiyac duyduğu ixtisaslar üzrə kadr hazırlığı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, bu sahədə ayrılan vəsaitlərin bir hissəsinin yerli universitetlərin inkişafına yönəldilməsi də vacibdir”.

“Daha yaxşı yataqxanaların yaradılması, laboratoriyaların təkmilləşdirilməsi, xaricdən mütəxəssislərin cəlb olunması kimi addımlar atılarsa, Azərbaycanın təhsil infrastrukturu beynəlxalq standartlara daha da yaxınlaşacaq. Tələbələrin xaricdə təhsil almaq istəyi başadüşüləndir. Lakin ölkə daxilində də yüksək keyfiyyətli təhsil alaraq yaxşı mütəxəssis olmaq üçün imkanlar mövcuddur. Əsas məsələ, təhsil alan şəxslərin öz üzərində çalışması və mövcud imkanlardan maksimum istifadə etməsidir”, – deyə o, söyləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu