Xəbərlər

Xaotik dünyada TDT məkanı sülh, sabitlik, inkişaf adasıdır – Deputat

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki proqram xarakterli çıxışı Azərbaycanın dövlətçilik maraqları və Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir. Dövlət başçısının bu çıxışı TDT-nin sadəcə regional deyil, qlobal miqyasda nüfuzlu bir güc mərkəzinə çevrildiyini növbəti dəfə nümayiş etdirdi.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlət başçısının TDT ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə görüşünü şərh edərkən bildirib.

“Təhlükəsizlik Enerji Və Nəqliyyat Bağlantıları İlə Ölçülür”

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışında müasir dünyada təhlükəsizlik anlayışının yeni çalarlarını dəqiqliklə müəyyənləşdirib:

“Cənab Prezidentin vurğuladığı kimi, bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşərək, həm özünün, həm də Türk dövlətlərinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, o cümlədən Mərkəzi Asiyadan gələn tranzitin təmin edilməsində həlledici rol oynayır. Bu, təkcə iqtisadi dividend deyil, həm də ölkəmizin və bütövlükdə TDT regionunun qlobal müstəvidə təhlükəsizlik təminatçısı kimi mövqeyini möhkəmləndirən mühüm siyasi amildir”.

“Türk Dünyası Bizim Ailəmizdir”

Parlamentari dövlət başçısının Türk dünyası ilə bağlı səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir” tezisinin Azərbaycanın xarici siyasət strategiyasının təməl prinsipini təşkil etdiyini xüsusi vurğulayıb:

“Mənəvi birlik, mədəniyyətlərin, dillərin və ümumi etnik köklərin oxşarlığı TDT-ni digər beynəlxalq təşkilatlardan fərqləndirən mühüm amildir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr imzalaması bu ikitərəfli əlaqələrin ən yüksək səviyyəyə qalxdığının parlaq göstəricisidir. Xüsusilə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi bu birliyin zirvəsidir və bölgəmizdə sabitliyin güclənməsinə xidmət edir”.

“İdeoloji Təhdidlərə Qarşı Birgə Mübarizə Aparmalıyıq”

Təhlükəsizlik sahəsində mövcud çağırışlara toxunan MCP başqanı Prezident İlham Əliyevin bu məsələyə də praqmatik yanaşdığını qeyd edib:

“Cənab Prezident düzgün vurğuladı ki, bugünkü təhdidlər təkcə fiziki deyil, həm də ideoloji xarakter daşıyır. Yad narrativlərin və dəyərlərin aşılanmasına, dövlət quruluşunun sarsıdılmasına yönəlmiş ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. Bu kontekstdə gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması həyati əhəmiyyət kəsb edir. TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməlidir”.

“Beynəlxalq Hüquq İflic Vəziyyətindədir”

Nəhayət, Razi Nurullayev Prezident İlham Əliyevin beynəlxalq hüquqla bağlı kəskin və ədalətli tənqidlərinə dəstək verib:

“Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan 30 il ərzində beynəlxalq hüququn iflic vəziyyətinə düşməsi ilə üzləşib. Beynəlxalq mexanizmlər işləsəydi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunsaydı, biz ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq. İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır. Ona görə də biz TDT-ni birgə səylərlə aparıcı beynəlxalq institutlardan birinə çevirməliyik ki, o, ən yüksək tribunlardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bu potensial bizim coğrafiyamızda, iqtisadi gücümüzdə və xalqlarımızın birliyində mövcuddur”.

Bir cavab yazın

Back to top button