Xainlik, paxıllıq, həsəd ağır xəstəlikdir… – İlahiyyatçı

Həmişə arzu etmişəm ki, ölkəmizdə yaxud kənarda xalqımızın imkanlı, nüfuzlu adamları çox olsun. Dostlarım, tanışlarım, qonşularım varlı-imkanlı olsun. Çünki xalqımızın xarakteri elədir ki, başqasına kömək etmək, əl tutmaq, yardım etmək qanındadır. Nə qədər xəsis və ya yekəxana adam olsa da istənilən varlı adama yumşaq tərzdə ağız açsan, sənə müəyyən qədər də olsa əl uzadacaq. Hələ tam imanlı, vicdanlı, sadə iş adamlarını demirəm. Onların içində yol çəkəni, kasıba əl tutanı, Həccə adam göndərəni də var. Varlı adamlara xainlik, paxıllıq etmək normal insan xüsusiyyəti deyil. Əksinə çalışmaq lazımdır ki, varlı adamlar çox olsun. Bir az qabağa gedəni, imkanlaşanı pencəyinin ətəyindən tutub geri çəkmək, ayağının altını eşmək xəstəlikdir, xəbislikdir.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, dinşünas Tural İrfan MCP başqanı, deputat Razi Nurullayevin qardaşı oğlunun toyunun ətrafında gedən müzakirələrə münasibət bildirərkən deyib..
İlahiyyatçı bildirib ki, həm ölkəmizdə həm xaricdə bizneslə məşğul olan imkanlı iş adamlarının olması ilə fəxr etmək lazımdır, onları qaralamaq, şərləmək, şantaj etmək, üstünə yürümək yox:
“Çünki bu cür çirkin kampaniyalar elə adamlarda ikrah yarada, onları diksindirə, uzaqlaşdıra, soyuda bilər. Dövlətə vergi ödəyən o şəxslər dövlətə həm dolayı həm də bilavasitə dəstəkdirlər. Bu günlərdə başqanımız Razi Nurullayevin qardaşının xarici ölkədə oğluna toy etməsi barədə mediada yaradılan qaraküyçülüyü və bunu yaradan küyçüləri qınayıram və bunu paxıllıq, qəlbi qaralıq, xəbislik sayıram.
Bəyəm deputatın qardaşı, əmisi oğlu, dayısı oğlu bizneslə məşğul ola, özünə toy edə, yaxud ev, mülk ala bilməz? Bu nə düşüncədir. Bax buna görə qabağa gedə bilmirik. Adam onilliklər əvvəl gedib xarici ölkədə özünə min cür əziyyətlə biznes qurub, imkan yaradıb, sonra da gəlib ki, ölkəmizdə də müəyyən işlər görsün, əhaliyə, dövlətə xeyir versin. Onu kimi iş adamlarının ölkəyə gəlməsindən kimə ziyan var? Övladına toy etməsinin kimə ziyanı var? Bəs niyə bəziləri həzm edə, sinirə bilmir? Çünki qəlbi qaradır, xəbisdir və xaindir. Həsəd, paxıllıq, qərəz, nəfs dinimizdə ən mənfur xüsüsiyyət sayılır”.
MCP rəsmisi vurğulayıb ki, bilmədən, araşdırmadan, mahiyyətinə varmadan sui-zənnə qapılaraq iş adamının xeyir işini sanki qəbahətmiş kimi təqdim edib, hələ bunu da deputat qardaşına calamaq çox çirkin, milli xarakterimizə uyğun olmayan işdir, gözdənsalma kampaniyasıdır:
“Razi Nurullayevin dəbdəbəli toy və yaslarla bağlı təklifləri, fikirləri əyani şəkildə ortaya qoyulub, təsirini göstərib. Biznesmen, imkanlı iş adamı toy edirsə ola bilsin dünyanın müxtəlif yerlərindən olan dostların, qonaqların iştirakını təmin etmək üçün başqa ölkəni məkan olaraq seçib. Hərə öz imkanına görə iş görür, yorğanına görə ayağını uzadır. İş adamı, biznesmen də öz imkanlarına uyğun şənlik, məclis qura bilər. Bu tam təbii haldır. Burada nə qəbahət var? Əslində heç bir qəbahət yoxdur. Sadəcə qəbahət bəzi adamların qəlbinin mərəz olmasındadır. Bu, mağara düşüncəsi, daş dövrünün təfəkkürüdür ki, bütün varlı adamlar pulu əyri yolla qazanıb. Elə düşüncənin özü yanlışdır. Deputat qardaşına desin ki, şirkəti bağla, daha pul qazanma? Oğluna toy etmə? Quru pendir-çörəklə yaşa? Deputatın qohumları, qardaşları ona deməzmi ki, sən deputatsan deyə biz iş qurub pul qazanmayaq? Onda bu düşüncə bütün deputatları qohumları ilə üz-üzə qoyar, qardaşları ilə düşmən edər. Ayıbdır vallah. Xainlik, paxıllıq, həsəd xəstəlikdir.

Böyük alim, psixoloq Nəsrəddin Tusinin “Əxlaqi nasiri” kitabında bu xəstəliklərin müalicəsi yolları göstərilib. Xəsislik, xəbislik, həsəd, paxıllıq, xainlik kimi mərəzləri, nəfsdən qaynaqlanan mənfi xarakter və xasiyyətləri tərgitmək üçün tövsiyyə edirəm ki, başqalarına qara yaxanlar o kitabı oxuyub müalicə olunmağa çalışsınlar”.