Xəbərlər

“Xərçəng” niyə tibbi sığortaya salınmır?  – Deputat

Rəsmi statistikaya görə, Azərbaycanda hər il orta hesabla 10 min nəfərə yaxın insan xərçəng xəstəliyindən vəfat edir. Ölkədə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 70 min nəfərə yaxındır.
Amma bu xəstəliyin müalicəsini, əməliyyatını icbari tibbi sığortaya daxil etmirlər.

Sosdem.az xəbər verir ki, mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, Milli Məclisin Səhiyyə Komitəsində, eyni zamanda aidiyyəti digər qurumlarda bu məsələ daima müzakirə olunub:

“Parlamentdə də bununla bağlı ictimai dinləmə keçirilib, bu məsələlər qaldırılıb. Bir neçə dəfə biz də danışmışıq. Bununla bağlı həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, (TƏBİB) həm də, İcbari tibbi sığorta rəsmiləri bu sahədə müəyyən işlərin aparıldığını deyir. Dövlət büdcəsindən də vəsaitlər müəyyən qədər ayrılır, amma onkoloji xəstəliklərlə bağlı cərrahi və əməliyyatların edilməsi, müalicə və s. bağlı daha böyük vəsaitlər tələb olunur. Aidiyyəti qurumların dediyi budur ki, işlər aparılır və yaxın zamanlarda bunların həll olunması ilə bağlı konkret addımlar atılacaq. Biz hər dəfə bunu istəyirik deyirik ümid edirəm ki, artıq yaxın zamanlarda mərhələli şəkildə olsa da, bununla bağlı müəyyən konkret addımlar atılacaq”.

Deputat vurğulayıb ki, onkoloji xəstəxanalarda müəyyən qrup insanlara endirimlər edilir, amma nə qədər endirimlər olunsa da, yenə də qiymətlər onların cibinə uyğun deyil:

“Bu gün onkoloji xəstəliklərin həm müalicəsi, həm cərrahi əməliyyatları baha başa gəlir. Bir çox insanların da bunu etməyə gücləri çatmır. Onkoloji xəstəxanalarda da, insanlara müəyyən endirimlər edilir, amma nə qədər endirimlər olunsa da, yenə də qiymətlər insanların cibinə uyğun deyil. Bizə bununla bağlı müraciətlər edirlər. Mənim öz seçicilərim müraciət edən zaman biz fərdi qaydada onkoloji xəstəxananın rəhbərliyinə müraciət edirik, onlar da müraciətlərə  tam olaraq müsbət cavablar veriblər və öz hesablarına onların müalicəsini, yaxud cərrahi əməliyyatlarını yerinə yetiriblər. Amma təbii ki, bunların hamısını hər dəfə təəssüf ki, etmək olmur”.

MCP başqanı qeyd edib ki, Səhiyyə komitəsinin sədri hörmətli Əhliman Əmiraslanov da daima bu məsələni diqqətdə saxlayır, parlamentdə deyir, Səhiyyə Komitəsində müzakirə olunur:

“TƏBİB və tibbi sığorta agentliyi, səhiyyə naziri ilə müzakirə olunur və müsbət siqnallar alınıb. Ümid edək ki, yaxın zamanlarda bununla bağlı konkret müsbət nəticə görə biləcəyik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu