Xəbərlər

Xəstələr lazımsız əməliyyatlara yönləndirilir… – Deputat

Bəzi özəl tibb müəssisələrində lazımsız müayinələr, dərmanlar, əməliyyatlar ciddi narahatlıq doğurur…

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev AZXEBER.COM-a deyib.

Millət vəkili qeyd edib ki, cəmiyyəti ən çox narahat edən məsələlərdən biri bəzi özəl tibb müəssisələrində pasiyentlərə tibbi ehtiyacdan daha çox kommersiya prizmasından yanaşılmasıdır:

“Lazımsız müayinələrin təyin edilməsi, real zərurət olmadan dərman yazılması, hətta bəzi hallarda ehtiyac olmayan müdaxilə və əməliyyatlara yönləndirmə kimi hallar ciddi narahatlıq doğurur. Bu, artıq təkcə səhiyyə məsələsi deyil, həm də sosial ədalət və vətəndaş hüquqları məsələsidir”.

MCP başqanı bildirib ki, qiymətlərin süni şəkildə yüksək saxlanılması da ayrıca problemdir:

“Qiymətlərin süni şəkildə yüksək saxlanılması da ayrıca problemdir. İnsanlar bəzən sağlamlıqlarını qorumaq üçün deyil, maliyyə yükü ilə mübarizə aparmaq məcburiyyətində qalırlar. Halbuki səhiyyə sektoru ilk növbədə insan həyatına xidmət etməlidir, biznes maraqları isə bu missiyanı kölgədə qoymamalıdır”.

Parlamentari əlavə edib ki, bu cür hallara dövlət tibb müəssisələrində də rast gəlinir:

“Eyni zamanda açıq deməliyik ki, bu cür hallara yalnız özəl sektorda deyil, bəzi dövlət tibb müəssisələrində də rast gəlinir. Bu isə problemin daha geniş və sistemli xarakter daşıdığını göstərir. Ona görə də yanaşma selektiv olmamalı, bütün səhiyyə sistemini əhatə etməli və bu kimi hallara qarşı ciddi, prinsipial mübarizə aparılmalıdır.

Dövlətin mövqeyi də aydın olmalıdır: vətəndaşın sağlamlığı üzərindən qazanc əldə etmək yolverilməzdir. Özəl sektor fəaliyyət göstərməlidir, lakin bu fəaliyyət etik normalar, tibbi standartlar və qanunvericilik çərçivəsində olmalıdır”.

Bir cavab yazın

Back to top button