Venesuela ordusu ABŞ-yə qarşı hazır vəziyyətdə – ŞƏRH

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, Venesuela Silahlı Qüvvələri ABŞ administrasiyasının təhlükəsindən sonra respublikanın bütün ərazisində yerləşdirilib.
“ABŞ-nin Venesuelaya qarşı müharibəyə başlaması məqbul görünmür. Bununla bağlı bahanələrin olduğunu beynəlxalq təşkilatlar da görür, lakin Donald Trampın bu məsələdə əsasən xarakterindən doğan subyektiv qərarı nəzərə çarpır”.
Sosdem.az xəbər verir ki, bunu “İnformator.az”a açıqlamasında Milli Cəəbhə Partiyasının başqan müavini, politoloq Tural İrfan deyib.
Ekspert bildirib ki, hazırkı şəraitdə Venesuelaya qarşı hərbi əməliyyat üçün yetərli siyasi əsas mövcud deyil:
“Venesuelaya hərbi müdaxilə üçün yetişmiş zəmin və siyasi mühit yoxdur. Rusiyanın müttəfiqlərini sarsıtmaq qəbilindən İranla birgə Venesuelaya da təzyiqlər anlaşılandır, lakin hərbi müdaxiləni zəruri edən həddə çatmamış bu baş verərsə, həm ABŞ-nin nüfuzuna ciddi zərbə dəyə bilər həm də beynəlxalq aləmdə mənfi reaksiya doğura bilər. Regionda durumun kritik həddə çatması, davam edən Ukrayna-Rusiya müharibəsi və HƏMAS-İsrail arasında hələ tam həllini tapmamış sülh prosesi, eyni zamanda İranla bağlı proseslər bir-biri ilə əlaqələnərək dünya üçün ümumi böhran yarada bilər. Venesuela hökumətinin ordunu yüksək müdafiə qabiliyyəti səviyyəsinə çatdırması qətiyyən mövqe dəyişdirməyəcəklərindən xəbər verir. Regionda bütün ticari, iqtisadi, mədəni əlaqələr təhlükə altına düşə, yeni müharibə ocağı yarana bilər. İran və Rusiya ilə yaxınlığı ilə seçilən Venesuela hakimiyyətinə dəstək də verənlər olacaq. Rusiya və İranın özünə birbaşa müdaxilədənsə, ABŞ-nin mövcud administrasiyası onların dost və müttəfiqlərini sarsıtmaqla iqtisadi, hərbi əlaqələrini minimuma endirmək istəyir”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin Venesuelaya müdaxiləsi regiondakı bütün ölkələrin iqtisadi və ticari maraqlarına zərbə vura bilər:
“Əsasən neft yataqları ilə bağlı ABŞ-nin planları var və bunun üçün də müdaxilə nəzərə nəzərdə tutulub. Yəmən və İraqı bu günlərdə yenidən qarışdırıblar. İraqda kürd şirkətlərini himayə edən məşhur Bərzani ailəsi ilə digər əşirətlərin arasında az qala vətəndaş müharibəsi həddində ciddi mübarizə başlayıb. Bu, Türkiyənin planlarının iflas olması üçün PKK-nın ləğvini qəbullana bilməyərək xaos yaradaraq yeni terror təşkilatları yaratmaq cəhdidir ki, bundan da Türkiyə, İrana qarşı istifadə olunsun. Eyni zamanda Yəməndə BƏƏ dəstəkli qüvvələr ilə Səudiyyə dəstəkli rəsmi hökumət qüvvələri arasında silahlı mübarizə başlayıb, Hədrəmut ərazisi ələ keçirilib. İran dəstəkli Husilərin sarsıdılması üçün daxildən proseslərə start verən ABŞ-nin müvafiq institutları bununla əsasən İran və Rusiyanın ortaq maraqlarına zərbə vurmağı nəzərdə tutur. Habelə Venesuelaya qarşı hərbi müdaxilə məsələlərinin də gündəmə gətirilməsi Yəmən və İraqla əlaqədardır. Qərb əsasən xaos və anarxiya yaradaraq maraqlarına nail olur. ABŞ-nin Venesuelaya müdaxiləsi ümumiyyətlə regiondakı bütün ölkələrin iqtisadi, ticari maraqlarına zərbə vura bilər ki, bunun da nəticəsində ABŞ-yə qarşı münasibət İsrailə olan münasibət qədər mənfiyə doğru dəyişə bilər”.