Xəbərlər

Vaşinqton sazişi hədəflərimiz üçün maneələr yarada bilər… – Hüquqşünas

“Nikol Paşinyanın hakimiyyətdə qalması yaxın perspektivdə keçid dövrü üçün əlverişli görünsə də, İrəvanın strateji maraqlarının dəyişməməsi və qarşıdurmanı hərbi müstəvidən diplomatik-informasiya müstəvisinə keçirməsi Azərbaycan üçün illüziya yaratmamalıdır; Bakı rəsmi İrəvanla münasibətlərdə sərbəst ictimai əlaqələrə yol verməməli və strateji məsafəni qoruyub saxlamalıdır”.

Bu barədə Ermənistanda yenicə baş tutan parlament seçkilərinin nəticələrini, Paşinyan iqtidarının “himayədar dəyişikliyi” siyasətini və Vaşinqtonda paraflanmış sülh sazişinin doğurduğu riskləri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas, Vüqar Dadaşov bildirib.

“Konstitusion Çoxluğu İtirən Paşinyanın Strateji Kursu Dəyişməyib”

Siyasi şərhçi Ermənistanda iyunun 7-də keçirilən seçkilərin qanunvericilik müstəvisindəki fəsadlarını analiz edib:

“Nikol Paşinyanın hakimiyyətdə qalması yaxın perspektivdə Azərbaycan-Ermənistan münasibətlərində keçid dövrü üçün əlverişli ola bilər. Ancaq bu, Paşinyan hakimiyyətinin Azərbaycana görə etibarlı tərəfdaş olduğu anlamına gəlməməlidir. Ermənistan iqtidarı artıq anlayıb ki, Azərbaycan və Türkiyə ilə açıq qarşıdurma siyasəti Ermənistanın mövcudluğuna real təhlükə yaradır. Buna görə də Paşinyan qarşıdurmanı hərbi-siyasi müstəvidən diplomatik, informasiya və ictimai müstəviyə keçirməyə çalışır. Yəni mahiyyət dəyişmir, yalnız üsul dəyişir. 2026-cı il iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində Paşinyan iqtidarı qalib gəlsə də, konstitusion çoxluğu əldə edə bilmədi. Bu isə Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması kimi fundamental dəyişiklikləri təkbaşına həyata keçirməsinə imkan vermir”.

“Geosiyasi Vektorun Moskvadan Brüsselə Yönəlməsi Sadəcə Himayədar Dəyişikliyidir”

Ekspert İrəvanın Qərbə inteqrasiya xəttinin və irəli sürülən layihələrin gizli məqsədlərindən danışıb:

“Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa və Avrointeqrasiya xəttinə yönəltməyə çalışır. Ermənistanın geosiyasi vektorunun Moskvadan Brüsselə yönəlməsi onun mahiyyət etibarilə Azərbaycan və türk dünyasına qarşı alət kimi istifadəsinə davam ehtimalını qüvvədə saxlayır. Buna görə də Ermənistanın xarici siyasətindəki bu dəyişiklik strateji transformasiya deyil, himayədar dəyişikliyidir. Paşinyanın irəli sürdüyü ‘real Ermənistan’ layihəsi və 29 min kvadrat kilometrlik Ermənistan ərazisinin tanınması sovet dövründə Ermənistana verilmiş Azərbaycan torpaqlarının legitimləşdirilməsi cəhdidir. Keçən il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi isə özündə sərhəd xəttini, ərazi mənsubiyyətini və ərazi ölçülərini müəyyən etmir. Belə bir saziş Azərbaycanın gələcək strateji hədəflərinin həyata keçirilməsi üçün əlavə maneələr imkanı yarada bilər”.

“Münasibətlərin Tam Normallaşdırılması Azərbaycanın Milli Maraqlarına Uyğun Deyil”

MCP rəsmisi gələcəkdə rəsmi Bakının daxili auditoriyasını qoruması üçün vətəndaş cəmiyyəti və ictimai əlaqələrə ciddi məhdudiyyət qoyulmasının qaçılmaz olduğunu qeyd edib:

“Tarixi təcrübə göstərir ki, Ermənistan məhz Azərbaycanla münasibətlərin nisbətən normal olduğu dövrlərdə daha çox siyasi və ərazi üstünlükləri əldə edə bilib. Bu baxımdan Ermənistanla münasibətlərin tam normallaşdırılması Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil. Azərbaycan Ermənistanla sülh şəraitində yaşamalı, lakin münasibətləri əsasən dövlətlərarası, rəsmi və inzibati müstəvidə saxlamalıdır. Sərbəst ictimai və vətəndaş əlaqələrinə yol vermək olmaz. Ermənistanın dövlət siyasətinin əsas elementlərindən biri uzunmüddətli təsir və təbliğat mexanizmlərindən istifadə etməkdir. Dövlətlərarası münasibətlər nəzarət altında saxlanıla bildiyi halda, ictimai müstəvidə yaradılan əlaqələr gələcəkdə Azərbaycana qarşı ‘yumşaq güc’ (soft power) vasitəsilə daxili auditoriyaya təsir imkanları qazana bilər. Azərbaycan üçün əsas vəzifə Ermənistanla müharibə vəziyyətini deyil, strateji məsafəni qorumaqdır”.

Bir cavab yazın

Back to top button