Vaşinqton və Tehranın razılaşma ehtimalı sıfıra enib… – Şərhçi

Hörmüz boğazında minaların qalması regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün ciddi risklər yaratmaqdadır. Boğazda ticarət və ya hərbi gəmilərin minaya düşməsi ABŞ-nin İrana qarşı birbaşa hərbi cavab addımları atmasına səbəb ola bilər.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan deyib.
“İrana Qarşı Təzyiqlər Artır, Razılaşma Ehtimalı Sıfıra Enir”
Ekspert bildirib ki, yaranmış qeyri-müəyyənlik tərəflər arasında gərginliyi artırmaqla yanaşı, diplomatiya imkanlarını da minimuma endirir:
“Vaşinqton minaların mövcudluğunu əsas gətirərək İrana qarşı yeni iqtisadi və siyasi təzyiq rıçaqları işə sala bilər. Qarşılıqlı ittihamlar tərəflər arasında hər hansı nüvə və ya təhlükəsizlik razılaşmasının əldə olunma ehtimalını minimuma endirir. Tramp administrasiyası öz hərbi uğurlarını nümayiş etdirmək üçün prosesin bitdiyini elan etdiyi halda, müttəfiqlər daha ehtiyatlı və real kəşfiyyat məlumatlarına əsaslanır”.
“Avropa Və Asiya Müttəfiqləri Riskə Gedə Bilmir”
MCP rəsmisi ABŞ ilə müttəfiqləri arasındakı fərqli mövqeyə və energetik asılılığa diqqət çəkib:
“ABŞ-nin daxili enerji müstəqilliyi yüksəkdir. Lakin Avropa və Asiya müttəfiqləri Hörmüz boğazından keçən neftdən birbaşa asılıdırlar və riskə gedə bilməzlər. Məhz ona görə də gərginlik artır. Müttəfiqlər birtərəfli bəyanatlara tam güvənməyərək, dənizçilik şirkətlərini qorumaq üçün alternativ mənbələrin məlumatlarını üstün tuturlar. Təhlükənin davam etməsi dəniz nəqliyyatı şirkətlərinin sığorta haqlarını artırır və bu da qlobal enerji qiymətlərinə təsir edir”.

“Bölgəyə Hərbi Gəmilərin Cəlb Olunması İnsident Riskini Artırır”
Şərhçi gərginliyin üçüncü tərəflər üçün fürsət pəncərəsi açdığını bəyan edib:
“Boğazda təhlükəsizliyi təmin etmək üçün xarici dövlətlərin bölgəyə daha çox hərbi gəmi göndərməsi insident riskini çoxaldır. Qeyri-müəyyən vəziyyət üçüncü tərəflərin və ya radikal qrupların təxribat törətməsi üçün əlverişli mühit yaradır. Hörmüz boğazında təhlükənin qalması ABŞ-nin bəyanatları müqabilində ona qarşı etimadsızlıq riskini və ümumi regional gərginliyi artırır”.