Vaşinqton münaqişənin genişlənməsini istəmir… – Ekspert

“İranın ABŞ ilə əldə olunan razılaşmaları faktiki olaraq nəzərə almaması və atəşkəsi pozması eskalasiyanın ikinci dalğasının başlanmasına səbəb olub. Birinci mərhələdə İran müəyyən mənada diplomatik masada üstünlüklər əldə etmişdi. Lakin ölkə daxilindəki siyasi sistemin ABŞ ilə razılaşmalara qarşı çıxması proseslərin məhz bu mərhələyə gəlib çatmasına gətirib çıxardı”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“ABŞ Tehranı Kapitulyasiyaya Məcbur Etmək Strategiyasını İcra Edir”
Siyasi şərhçi Vaşinqtonun hərbi zərbələr vasitəsilə regional balansı dəyişmək planlarını və gözlənilən ağır iqtisadi-sosial nəticələri diqqətə çatdırıb:
“Artıq ABŞ da İranın davamlı təxribat xarakterli addımlarına əvvəlki kimi səbr və təmkinlə yanaşmaq niyyətində deyil. Çünki Tehran regionda geosiyasi mövqelərini daha da gücləndirməyə çalışır və Vaşinqtonla münasibətlərin yalnız öz şərtləri əsasında tənzimlənməsini tələb edir. Bu səbəbdən ABŞ hərbi əməliyyatların ikinci mərhələsində İranın hərbi infrastrukturunu sıradan çıxarmağa, onun iqtisadi və hərbi potensialını zəiflətməyə yönəlmiş daha sərt strategiya həyata keçirir. Hesab edirəm ki, endirilən zərbələr İran iqtisadiyyatına ciddi təsir göstərəcək və bu da ölkə daxilində sosial narazılıqların kəskin artmasına zəmin yarada bilər”.

“Müharibənin Genişlənməsində Maraqlı Tərəf İrandır”
MCP rəsmisi Vaşinqtonun əsas hədəfinin münaqişəni regional miqyasda yaymaq deyil, Tehranı məcburi siyasi güzəştlərə sövq etmək olduğunu vurğulayıb:
“ABŞ münaqişənin bütün Yaxın Şərqə yayılmasında maraqlı deyil. Düşünmürəm ki, ABŞ bu müharibənin regiona genişlənməsini istəyir. Əksinə, belə bir ssenarida daha çox maraqlı görünən tərəf İrandır. Hazırda Vaşinqton hərbi zərbələr vasitəsilə Tehranı öz şərtlərini qəbul etməyə məcbur edəcək proses formalaşdırmağa çalışır. ABŞ-ın əsas məqsədi İran rəhbərliyini kapitulyasiya xarakterli qərarlar verməyə sövq etməkdir”.